Dövlət Miqrasiya Xidmətinin 10 illik yubileyi münasibətilə Xaçmaz və Şəkidə maarifləndirmə tədbirləri keçirilib
Maarifləndirmə tədbirlərində dünyada baş verən miqrasiya prosesləri, ölkəmizdə əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı görülmüş işlər, vətəndaşsızlıq hallarının aradan qaldırılması barədə danışılıb, miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparılıb.
Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin iclas zalında aidiyyəti dövlət qurumları, təhsil, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xidmətin aparatının və regional miqrasiya idarəsinin məsul əməkdaşları çıxış ediblər. Bildirilib ki, miqrasiya siyasəti ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir. Bu məqamları yüksək qiymətləndirərək 10 il əvvəl miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalayan Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Xidmət və 8 regional miqrasiya idarəsi tam gücü ilə fəaliyyət göstərir.
Ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaradılmış şəraitdən söhbət açılıb. Diqqətə çatdırılıb ki, Bakı şəhərində və Yevlaxda müasir standartlara cavab verən Qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyət göstərir.
Görüşdə vətəndaşlığı olmayan şəxslərlə bağlı münasibətləri tənzimləyən milli qanunvericiliyin bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması, ümumiyyətlə vətəndaşsızlıq hallarının aradan qaldırılmısı istiqamətində Xidmətin görüdüyü işlər, regionlarda keçirilən çoxsaylı görüşlər ilə bağlı məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, Xidmət tərəfindən 100 mindən çox şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılıb və araşdırma nəticəsində 70 min 994 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında əhalinin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirməsi və Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü ilə əlaqədar olaraq universitetin tələbələri, müəllim heyəti və ictimaiyyət nümayəndələri ilə keçirilmiş görüşdə də miqrasiya qanunvericiliyi sahəsində yeniliklərdən söhbət açılıb. Görüş iştirakçılarına ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı gördüyü işlər barədə geniş məlumat verilib. Ölkəmizə gələn əcnəbilərin respublikamızda olma və yaşamalarını leqallaşdırmalarının qanunvericiliyin tələbi olduğu diqqətə çatdırılıb. Qanunsuz miqrasiya halları ilə mübarizə sahəsində əldə olunmuş nəticələrə toxunulub.
Sonda suallar cavablandırılıb.
İştirakçılar maarifləndirmə işinin təşkilindən razı qaldıqlarını bildiriblər.