Miqrasiya qanunvericiliyindəki yeniliklər ali təhsil ocaqlarında təbliğ olunur
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü ərəfəsində Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazisinə daxil olan şəhər və rayonlarda, eləcə də ölkənin ali təhsil ocaqlarında ictimaiyyət nümayəndələrinin, tələbə, müəllim heyətinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyindəki yeniliklər barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil edilən görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin qısa zamanda əldə etdiyi hərtərəfli, dinamik inkişafından, ölkədə sabitliyin, təhlükəsizliyin, tolerantlığın qorunub saxlanılmasından, son illər respublikamıza səfər etmək, yaşamaq, işləmək, təhsil almaq istəyənlərin sayındakı artım dinamikasından bəhs olunub. Eləcə də Azərbaycanda təhsil alan xarici tələbələrə miqrasiya sahəsində nəzərdə tutulan güzəştlərə toxunulub. Bildirilib ki, əcnəbi tələbələrə respublikamızın ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətin 1 ilədək uzadılmasına görə dövlət rüsumunun qiyməti 40 manat müəyyənləşdirilib. Halbuki, yetkinlik yaşına çatmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu məbləğ 120 manatdır.
Görüşdə həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin respublikamızda haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi üçün iş icazələrinin alınması prosedurları barədə məlumat verilib. Qeyd edilib ki, Miqrasiya Məcəlləsinə əsasən ölkənin ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyəti və mühazirəçilər üçün iş icazəsinin alınması tələb olunmur.
Bu silsilədən daha bir görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunub. Tədbirdə son illər böyük uğurlara imza atan ölkəmizin sürətli inkişafından, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində həyata keçirilən yeniliklərdən söhbət açılıb, Prezident İlham Əliyevin təşəbbüsü ilə miqrasiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər diqqətə çatdırılıb. Bildirilib ki, ölkəyə gələn hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mütləq qaydada Azərbaycan Respublikasının ərazisində olmasını və yaşamasını leqallaşdırmalıdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsinin tələblərinə əsasən olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, o cümlədən iş icazələrinin alınması prosedurları və ümumiyyətlə miqrasiya prosesləri ilə bağlı məlumatlar hər iki ali təhsil ocağında çalışan əcnəbi elm xadimləri və təhsil alan tələbələr tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran bir sıra suallar cavablandırılıb.