newsPhoto

Azərbaycanda qaçqın statusu almış əcnəbi ailələrə bayram sovqatı verilib  

Azərbaycanda qaçqın statusu almış ailələrlə Dövlət Miqrasiya Xidmətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə görüş təşkil olunub. Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı uğurlar, dövlətimizin inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolu barədə ətraflı məlumat verilib. Ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması üçün həyata keçirilən tədbirlərdən söhbət açılıb. Qaçqınların və məcburi  köçkünlərin hüquqi vəziyyətinə dair izahedici söhbət aparılıb.

Bildirilib ki, qanunvericiliyə əsasən Azərbaycan ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna müvafiq surətdə öz vəsatəti ilə ölkəmizin vətəndaşlığına qəbul edilə bilər. Bu hal qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən həm də qaçqın statusu almış şəxslərə də  şamil olunur.

Tədbirdə, həmçinin qaçqın statusu almış əcnəbi ailələrdə böyüyən uşaqların hüquqları ilə bağlı məsələnin də daim Dövlət Miqrasiya Xidməti tərəfindən diqqət mərkəzində saxlanıldığı qeyd olunub.

Sonda Azərbaycanda qaçqın statusu almış bir qrup ailəyə bayram sovqatı verilib.

Görüş iştirakçıları qaçqın statusu almış şəxslər üçün yaradılmış şəraitə görə  Azərbaycan dövlətinə və şəxsən dövlətin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur