newsPhoto

Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib

Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

 

Müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Bildirib ki, bu gün dövlətin və cəmiyyətin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından respublikamız tarixin mühüm dönəmini yaşayır. 2016-cı il Azərbaycanda dərin iqtisadi islahatlar ili olub. Ölkəmizdə iqtisadiyyatın inkişaf dinamikasının təmin edilməsi, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində islahatlar uğurla davam etdirilib. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib, milli təhlükəsizlik və sabitlik yüksək səviyyədə təmin olunub. Bəli, Azərbaycanın davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, bu siyasət əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, bu sahədə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini hələ bir neçə il əvvəl zəruri etmişdir. Bu zərurəti reallığa çevirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilməkdə, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülməkdədir.

F.Nəbiyev diqqətə çatdırıb ki, məlum olduğu kimi, müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir.

Hazırda biz İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid oluruq. Dünyada ümumilikdə 65,3 milyon şəxs məcburi olaraq öz yurd yuvasından didərgin düşüb.

Əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib. Bu gün Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir.

Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində 1 milyon 143 min 951 nəfər olmaqla əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə 2 milyon 242 min 783 girişi və 1 milyon 137 min 351 nəfər olmaqla ölkə ərazisindən 2 milyon 242 min 788 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb. 2016-cı il ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 672.337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51.710 nəfərə isə müvafiq yaşama icazələri, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9.480 nəfərə isə iş icazəsi verilib.

Son beş il ərzində 68.270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib.

58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.

Xidmət rəisi xüsusi vurğulayıb ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır.

2016-cı ildə 7.956 ikili vətəndaşlığı olan şəxs müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır.

Hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır.

Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış Readmissiya Sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib.

2016-cı il ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb.

Xidmət rəisi F.Nəbiyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham  Əliyevin 2017-ci ildə respublikamızın sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin müdafiəsi üçün konkret göstərişlər verdiyini xatırladıb. F.Nəbiyev bu vacib məsələlərin tənzimlənməsində DMX-nin də üzərinə ciddi vəzifələr düşdüyünü bildirib. Qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsinə dair tapşırıqlar verib. Əminlik ifadə edib ki, ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, dövlətimizin təhlükəsizliyi və daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqları Dövlət Miqrasiya Xidməti 2017-ci ildə də  yüksək peşəkarlıqla icra etmək əzmindədir.

Müşavirədə müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur