“Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Dövlət Miqrasiya Xidmətinin Şirvan regional miqrasiya idarəsinin xidmət ərazisi olan Hacıqabulda təşkil edilmiş “Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbirində şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, həmçinin ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Tədbirdə diqqətə çatdırılıb ki, öz hüquqlarını bilməyən şəxs hər an insan alverinin qurbanına çevrilə bilər. Ona görə də Dövlət Miqrasiya Xidməti ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması üçün müntəzəm olaraq maarifləndirilmə tədbirləri həyata keçirir.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.
Hazırda dünyada 10 milyona yaxın vətəndaşlığı olmayan şəxs var. Azərbaycan Respublikası vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə 2015-ci ildən BMT QAK-ın “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulmuşdur. Kampaniya çərçivəsində ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir. Belə ki, vətəndaşsızlıq hallarının azaldılması, bununla mübarizə sahəsində məlumatlılığın artırılması, uzun müddət ölkə ərazisində yaşayan və hər-hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədlərə malik olmayan şəxslərin hüquqi statusunun müəyyən olunması, sənədləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər uğurla davam etdirilir.
Qeyd edilib ki, 2014-cü ilin iyulun 1-dən digər ölkə vətəndaşlığını əldə etmiş şəxslər bu barədə Azərbaycan ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə məlumat verməlidirlər. Əks halda Cinayət Məcəlləsinə əsasən həmin şəxslər 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılırlar.
Bundan əlavə diqqətə çatdırılıb ki, təkcə noyabr ayında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı Xidmətə 9512 müraciət daxil olub. Həmçinin Dövlət Miqrasiya Xidmətinə olduğu yer üzrə qeydiyyatla bağlı 45709 əcnəbinin müraciəti daxil olmuşdu. Eləcə də 1855 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 17-nin respublika ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub. 190 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 1260 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 388 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.