Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 107-ci sessiyasında iştirak edir
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə qurumun baş direktoru Uilyam Leysi Svinqin dəvəti əsasında İsveçrə Konfederasiyasında səfərdədir.
Cenevrədə yerləşən Millətlər Sarayında dekabrın 5-dən 8-dək keçirilən sessiyanın açılışında gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Şura sədrinin, sədr müavinlərinin və məruzəçilərinin seçilməsindən sonra quruma üzvlüklə bağı müraciət edən Tonqa Krallığının namizədliyi səsə qoyulub və Krallıq yekdilliklə Təşkilatın 166-cı üzvü seçilib. Daha sonra bir sıra beynəlxalq təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının BMqT Şurasında müşahidəçi qismində iştirakı səsvermə yolu ilə təsdiqlənib.
Sessiyada BMqT-nin baş direktoru Uilyam Leysi Svinq geniş hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın yaranması, fəaliyyəti barədə ətraflı məlumat verən baş direktor, Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 107-ci sessiyanın BMqT-nin yaradılmasının 65-ci ildönümünə həsr olunduğunu söyləyib. O, qeyd edib ki, yarandığı vaxtdan BMqT bir neçə inkişaf mərhələsindən keçib.
Sonra U.L.Svinq dünyada miqrasiya proseslərinin hazırkı vəziyyətini əks etdirən statistik rəqəmləri sessiya iştirakçılarının nəzərinə çatdırıb.
BMT Baş Assambleyasının prezidenti Peter Tomson bu ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşü çərçivəsində BMT ilə BMqT arasında əlaqələrə dair imzalanmış Sazişin əhəmiyyətinə toxunub. Bu əməkdaşlığın dünya dövlətlərinin miqrasiya məsələsinə verdiyi önəmin təzahürü oluduğunu bildirib.
Bundan əlavə, sessiya çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspektlərini əhatə edən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət”, “İqlim miqrasiyası və fəlakətlər nəticəsində sərhədlərarası köçürülmənin həlli üçün siyasi imkanlar” və “Humanitar maliyyələşmələrdə böyük ticarət” mövzularında yüksək səviyyəli panellərin keçirilməsi planlaşdırılır.
Sessiya öz işini dekabrın 8-də yekunlaşdıracaq.