Gədəbəy rayonunda maarifləndirmə tədbiri keçirilib
Tədbir vətəndaşsızlıq hallarının aradan qaldırılması və qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması istiqamətində görülən işlərə həsr olunub.
Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisi olan Gədəbəy rayonunda keçirilən maarifləndirmə tədbirində əvvəlcə Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qurum tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər-olduğu yer üzrə qeydiyyat, müvəqqəti yaşamaq, eləcə də daimi yaşamaq üçün icazənin verilməsi, həmçinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin araşdırılması, vətəndaşlığa qəbul, bərpa və xitam və s. barədə ətraflı söhbət açılıb. Qeyd olunub ki, təkcə bu ilin oktyabr ayında Dövlət Miqrasiya Xidmətinə olduğu yer üzrə qeydiyyatla bağlı 45 min 874 əcnəbinin müraciəti daxil olmuşdu. Eləcə də 2299 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 18-nin respublika ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub. 212 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 1576 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 493 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin bir ay ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı Xidmətə 10 min 807 müraciət daxil olub. Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunmuş və xidməti fəaliyyətində operativlik, şəffaflıq əsas meyar kimi müəyyən edilmiş Dövlət Miqrasiya Xidmətində müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Görüşdə ölkədə qanunsuz yaşayan əcnəbilər və vətəndaşlığı olmayan, həmçinin vətəndaşlığı naməlum olan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində DMX tərəfindən həyata keçirilən tədbirlərin səmərəli nəticələrindən söhbət açılıb. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 1626 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Bununla belə, bu müddət ərzində 64 minə yaxın şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.
Tədbirdə miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər haqqında izahedici söhbət aparılıb.
Dövlət Miqrasiya Xidmətinin regionlarda əhalinin məlumatlandırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin əhəmiyyəti qeyd olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonra səyyar xidmət təşkil edilib. 15 şəxs səyyar xidmətin imkanlarından istifadə edib. Onlardan 1 nəfərə müvəqqəti yaşama icazəsi vəsiqəsi verilib, 1 nəfərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin tanınması barədə arayış təqdim olunub, 7 nəfərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması üçün, 1 nəfər əcnəbinin olduğu yer üzrə qeydiyyatla bağlı sənədləri qəbul edilib, 1 nəfərə vətəndaşlığa qəbulla bağlı, 4 nəfərə isə vətəndaşlıq mənsubiyyətinə dair müraciət etmələri üçün sənədlərin siyahısı təqdim olunub.