newsPhoto

Dövlət Miqrasiya Xidməti Salyan və Neftçalada “Açıq qapı günü” və növbəti hüquqi maarifləndirmə tədbiri keçirib

““Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli 1993 nömrəli Sərəncamının 2.2-ci  bəndinin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ““Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı 2016-cı il üzrə Dövlət Miqrasiya Xidmətinin illik iş planı”nın icrası ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin Şirvan regional miqrasiya idarəsinin xidmət ərazisi olan Salyan və Neftçala şəhərlərində noyabrın 24-də əcnəbilər və vətəndaşlığı olamayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” təşkil olunub. Elə həmin gün  hər iki rayonda əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri də keçirilib.

Tədbirdə diqqətə çatdırılıb ki, Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyət ilə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer alıb. Dövlət Miqrasiya Xidməti də bu prinsiplərdən irəli gələrək belə forumların, görüşlərin təşkilini davam etdirir. Qeyd olunub ki, “Açıq qapı günü”nün məqsədi ictimaiyyəti, eləcə də KİV nümayəndələrini Xidmətin fəaliyyəti və göstərdiyi müasir xidmətlərlə yaxından tanış etməkdir. “Açıq qapı günü”ndə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və ya daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə, DMX-nin elektron və onlayn xidmətləri, qaçqın statusunun müəyyənləşdirilməsi haqqında iştirakçılara ətraflı məlumat verilib.

Çünki, Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi və miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib. Ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri həvalə edilmiş Dövlət Miqrasiya Xidməti bütün bunların ictimaiyyətə çatdırılmasına, KİV üçün geniş təqdimatlara xüsusi önəm verir.

Hər iki görüşdə ayrı-ayrı mövzularda məruzələr dinlənilib. Belə ki, “Azərbaycan Respublikasında Miqrasiya qanunvericiliyinin tələbləri” izah olunub. “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və son illərin uğurlu nəticələri” təqdim edilib. “Əhalinin miqrasiya sahəsində qanunvericiliyin tələbləri barədə maarifləndirilməsində DMX-nin gördüyü işlər”dən söhbət açılıb. Bildirilib ki, DMX ictimaiyyətin, ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılmasına və maarifləndirilmə-sinə xüsusi önəm verir. Bunun üçün hədəf qruplarına yönəlmiş bir sıra layihələr həyata keçirilir. Eyni zamanda qurumun hər bir regional idarəsində miqrasiya məsələləri ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Bu da ictimai maariflənmənin təmin olunmasına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də əhalinin bu sahədə hüquqi biliklərinin artırılmasına xidmət edir.

“Açıq qapı günü”ndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bəzi hissələrinin qısa şərhi verilib. Məcəllədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, onları qəbul edən tərəfin və yaxud icazəsiz olaraq haqqı ödənilən əmək fəaliyyətinə cəlb edən hüquqi və ya fiziki şəxslərin törətdiyi inzibati qanun pozuntusuna görə yaranmış məsuliyyətin hüdudlarının konkretləşdirildiyi bildirilib. Bu barədə izahedici söhbət aparılıb.

Həmçinin sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanının icrasını təmin etmək məqsədilə, Dövlət Miqrasiya Xidməti rəisinin əmri ilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti barədə də məlumat verilib.

Tədbirlərdə o da vurğulanıb ki, Azərbaycan Prezidenti vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun əhəmiyyəti xüsusi qeyd edilib.

Sonra “Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlərin istifadə qaydaları”nın əyani təqdimatı keçirilib. Bildirilib ki, Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirləri davam etdirilir. Qurumun elektron hökumət portalına qoşulmuş 11 elektron xidmətindən istifadə qaydaları əyani şəkildə izah olunub. Hər bir xidmət növü üzrə DMX tərəfindən hazırlanmış və müvafiq elektron səhifələrdə yerləşdirilmiş "video təlimat"ların nümayişi isə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş cərimələrin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödənilməsi proqramının törətdiyi inzibati xətaya görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş əcnəbinin həmin ödəniş sistemi vasitəsilə cəriməsini ödədikdən sonra 2 dəqiqə ərzində müvafiq qaydada məhdudiyyətinin götürülməsini təmin etdiyi bildirilib. Bu da həm maddi, həm də vaxt itkisinin qarşısını alır, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsinə imkan verir. Xatırladaq ki, proqram həm Azərbaycan, həm ingilis, həm də  rus dillərindədir.

Görüşlərin sonunda verilən suallar cavablandırılıb və təqdimatla bağlı fikir mübadiləsi aparılıb.

Elə həmin gün Xidmət tərəfindən Salyan və Neftçala rayonlarında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil olunub. Səyyar xidmətin imkanlarından 19 nəfər sənədsiz və qeydiyyatsız olaraq yaşayan şəxs istifadə edib.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur