newsPhoto

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə maarifləndirmə tədbirlərinə start verilib

 

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə regional miqrasiya idarələrinin xidməti ərazilərinə aid olan şəhər və rayonlarda maarifləndirilmə-məlumatlandırma tədbirləri və görüşlər təşkil edilir. Tədbirlərdə Xidmətin regional miqrasiya idarələrinin, rayonların icra hakimiyyətlərinin və yerli özünüidarəetmə, hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, təhsil və səhiyyə işçiləri, o cümlədən bir sıra müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edirlər.

Bu silsilədən olan tədbir Lənkəran RMİ-nin xidməti ərazisinə aid olan Liman şəhərində keçirilib. Görüşdə son illər Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, yaradılmış sabitlik və təhlükəsizlik nəticəsində respublikamızın miqrantlar üçün cəlbedici ölkəyə çevrilməsi, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyət istiqamətləri, Xidmətin ötən 10 il ərzində əldə etdiyi nəticələr barədə məlumat verilib. Bildirilib ki, dövlət başçısının diqqət və qayğısı əsasında nəinki Xidmətin aparatında, həmçinin tam gücü ilə fəaliyyət göstərən regional miqrasiya idarələrində də yüksək xidməti şərait yaradılıb. Əcnəbilərin ölkəyə daxil olduqları anda ilk ünsiyyətdə olduqları dövlət orqanlarından biri sayılan Dövlət Miqrasiya Xidməti ölkədə olduğu yer üzrə qeydiyyat, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, eləcə də əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması, miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqi, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri ilə məşğul olur.

Qeyd edilib ki, 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi istər MDB, istər Avropa, istərsə də digər dövlətlərin marağına səbəb olub və ölkəmizin bu sahədəki təcrübəsi həmin dövlətlər tərəfindən öyrənilməkdədir. Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə Dövlət Miqrasiya Xidməti hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir. VMMS vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində 1 milyon 143 min 951 nəfər olmaqla əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə 2 milyon 242 min 783 girişi və 1 milyon 137 min 351 nəfər olmaqla ölkə ərazisindən 2 milyon 242 min 788 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb. Həmçinin, 672 min 337 əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 min 710 nəfərə isə müvafiq yaşama icazələri, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9 min 480 nəfərə iş icazəsi verilib.

Tədbirdə bildirilib ki, hüquq-mühafizə orqanı status­u daşıyan Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı da ciddi mübarizə tədbirlərini müvəffəqiyyətlə həyata keçirir. Qeyd edilib ki, Xidmət miqrasiya qanunvericiliyinin tətbiqində yol verilə biləcək nöq­san və sui-istifadə­lə­rin, əcnəbilər tərəfindən ölkə ərazisində olma və yaşama qaydalarının pozulması hallarının qarşısının alınması üçün zəruri addımlar atır. Təkcə ötən il 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması müəyyən olunub, onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 5 min 523 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı Xidmətin müvafiq qərarlarının icrası təmin olunub.

Tədbir iştirakçılarına Miqrasiya Məcəlləsi və qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə də geniş məlumat verilib.

Sonda miqrasiya qanunvericiliyi barədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur