newsPhoto

Azərbaycan hökuməti tərəfindən qaçqın statusu verilmiş şəxslər arasında keçirilən Müştərək Qiymətləndirmənin nəticələrinə həsr olunmuş “dəyirmi masa” keçirilib

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK)  təşəbbüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin problemlərinə həsr olunmuş birgə “dəyirmi masa” keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd qaçqın statusu verilmiş şəxslərin Azərbaycan Respublikasında olacaqları müddət ərzində onlara yaradılmış münbit şəraitin daha da təkmilləşdirilməsi, onların mövcud qanunvericilik aktlarında və beynəlxalq konvensiyalarda əksini tapmış sosial-iqtisadi və digər hüquqlarının təşviq edilməsi olub.

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Hökuməti tərəfindən qaçqın statusu verilmiş 3-cü ölkə vətəndaşları olan əcnəbilərin sayı 70 nəfər təşkil edir. Bundan əlavə, ölkə ərazisində BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin himayəsində olan, humanitar əsaslarla məskunlaşmış və Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmış 1500 nəfərə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxslər də yaşayırlar.

Dəyirmi masada Azərbaycan hökuməti tərəfindən qaçqın statusu verilmiş şəxslər arasında 2016-cı ilin fevral ayında keçirilmiş Müştərək Qiymətləndirmə haqqında məlumat verilib, nəticələr aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə edilib.

Tədbirdə Nazirlər Kabinetinin, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin, Dövlət Miqrasiya Xidmətinin, həmçinin aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur