Dövlət Miqrasiya Xidmətində BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüş olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelislə görüşüb.
Görüşdə Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə bu yaxınlarda Cenevrədə keçirdiyi görüş barədə ətarflı söhbət açıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının dəvəti əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 67-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin fəal iştirakının Ali Komissar tərəfindən yüksək qiymətləndirilməsi qeyd olunub.
Xidmət rəisi qaçqın statusunun müəyyənləşdirilməsi prosedurlarında beynəlxalq təcrübənin tətbiq edilməsində DMX-nın maraqlı olduğunu ifadə edib.
Həmçinin, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görməkdədir.
Furio De Angelis vətəndaşlığı olmayan şəxslərin sayı ilə bağlı dəqiq rəqəmlər əldə etməyə yönələn metodologiyanın hazırlanması üçün BMT-nin digər qurumları ilə əməkdaşlıq təklif edib. Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən “Açıq qapı günü” tədbirlərində BMT QAK əməkdaşlarının da iştirakı ilə bağlı təşəbbüs maraqla qarşılanıb.
Görüşdə sığınacaq məsələləri üzrə qanunvericilik bazasının inkişaf etdirilməsi, əsasən də əlavə himayə formasının tətbiqi istiqamətində görülən işlər müzakirə edilib.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.