newsPhoto

Dövlət Bayrağı Günü Dövlət Miqrasiya Xidmətində qeyd edilib  

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Dövlət Miqrasiya Xidmətində təşkil edilmiş tədbir Dövlət Himninin ifası ilə başlayıb.

Tәdbirdә Xidmət rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev mәruzә ilә çıxış edərək bildirib ki, Azərbaycanlı milli düşüncəsində əsas dövlət rəmzlərindən olan bayrağa  xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul edilib. 1920-ci ilin aprel işğalınadək isə dövlətimizin başı üzərində dalğalanıb, Azərbaycan Xalq Cümhuriyyətinin süqutdan sonra isə yasaq edilib. V.Nağıyev qeyd edib ki, üçrəngli, ay-ulduzlu bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Ulu öndər Heydər Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. O zaman ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan Ümummilli lider Heydər Əliyev əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunmasına misilsiz töhfələr verib.

17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Məclisinin sesiyasında Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Dövlət Bayrağı elan edilməsi ilə bağlı qərar qəbul edilib və bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul edib. Bu qanunla şanlı üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilib, istiqlal rəmzi kimi dalğalanmağa başlayıb.

Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.  Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən isə 2010-cu ildən başlayaraq noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Vurğulanıb ki, Azərbaycanın Dövlət Bayrağının yüksəklərdə  vüqarla dalğalanması xalqda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir.

Tədbir  Dövlət Bayrağına həsr edilmiş sənədli filmin nümayişi ilə bağa çatıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur