newsPhoto

İmişlidə maarifləndirmə tədbiri keçirilib və səyyar xidmət təşkil olunub

Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan İmişli şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində əcnəbilərin  və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, o cümlədən RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu əməkdaşlarının iştirakı ilə “Azərbaycan Respublikasında qeyri qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı  olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maariflən-dirmə tədbiri keçirilib.

Tədbirin əsas məqsədinin əhalinin miqrasiya sahəsində maarifləndirilməsi olduğu nəzərə alınaraq qanunvericilik barədə geniş məlumat verilib.

300 nəfərin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə söhbət açılıb. Bildirilib ki, təkcə sentyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı 67.648 əcnəbinin Xidmətə müraciəti daxil olmuşdu. Eləcə də 2.908 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 15-nin respublika ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub. 202 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 2.109 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 582 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Bir ay ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı Xidmətə 9.148 müraciət daxil olub.

Müvəqqəti olma müddətinin uzadılması ilə bağlı suala cavab olaraq bildirilib ki, ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti 60 günədək uzadıla bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər AR-də müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış  müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan sənədləri təqdim etməlidirlər. Tədbir zamanı Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisində qanunsuz yaşayan 12 əcnəbi və vətəndaşlığı olmayan şəxsə xəbərdarlıq məktubu təqdim olunub.

Sonra səyyar qəbul təşkil olunub. 6 nəfərə  Azərbaycan vətəndaşlığına mənsubiyyətinin araşdırılması üçün sənədlərin siyahısı təqdim edilib. Etibarsız  sənədlərlə yaşayan 4 şəxs təlimatlandırılaraq vətəndaşı olduğu ölkənin Azərbaycanda Respublikasındakı səfirliyinə müraciət etməklə pasportlarının dəyişdirilməsi və ya qayıdış şəhadətnamələri almaları, o cümlədən 1 nəfərə yerli qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamə alması və bundan sonra regional miqrasiya idarəsinə müraciət etməsi tövsiyyə edilib. 1 nəfərin isə vətəndaşlıq mənsubiyyətinin araşdırılması üçün sənədləri qəbul olunub.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur