Zaqatala rayonunda “Vətəndaşlıq məsələlərinin həlli və bu istiqamətdə görülmüş işlər” mövzusunda görüş keçirilib
Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Zaqatalada əhalinin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirilməsi məqsədilə “Vətəndaşlıq məsələlərinin həlli və bu istiqamətdə görülmüş işlər” mövzusunda rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin və vətəndaşların iştirakı ilə tədbir keçirilib. Tədbir iştirakçılarına ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir və hər zaman miqrantların hüquqlarının qorunmasına xüsusi önəm verir. Görüşdə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri ilə bağlı Xidmət tərəfindən görülən işlər barədə müvafiq məlumatlar verilib. Diqqətə çatdırılıb ki, əcnəbilər Dövlət Miqrasiya Xidmətinə, Xidmətin regional idarələrinə müraciət edib ölkə ərazisində müvəqqəti olmalarını, yaşamalarını leqallaşdırmalı, fəaliyyətlərini qanuni əsaslarla həyata keçirməli, bu sahədə mövcud olan qanunlarımızı bilməli və ona riayət etməlidirlər.
Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdiril-məsi Qaydası”na əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas olan hallar barədə ətraflı söhbət açılıb.
Elə həmin gün əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi ilə Zaqatala rayonunda səyyar xidmət təşkil olunub. Keçirilmiş maarifləndirmə tədbirində iştirak edən 85 nəfərdən 49-u səyyar xidmətin imkanlarından istifadə edib. Onlardan 6 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi, 1 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlər qəbul edilib. Həmçinin 11 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 9 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 22 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı məlumat verilib və müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.