newsPhoto

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri  Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün BƏƏ-nin Daxili İşlər nazirinin vətəndaşlıq, yaşama icazəsi və limanlar məsələləri üzrə müavini Xəlifə Hərib Əl-Xeyli ilə görüşüb.

F.Nəbiyev iki ölkəni birləşdirən əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq olaraq 2015-ci ilin 1-2 aprel tarixlərində Azərbaycana və 2016-cı ilin 1-2 fevral tarixlərində Ərəb Əmirliklərinə rəsmi səfərlərinin yada salıb, bu səfərlərin dost və qardaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyətini xüsusilə qeyd edib və Azərbaycanın BƏƏ ilə bütün sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu general-mayor H.Əl-Xeylinin diqqətinə çatdırıb.

Sonra Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində fəaliyyətin də ən yüksək beynəlxalq standartlara uyğun inkişafına böyük önəm verdiyini bildirən F.Nəbiyev rəhbərlik etdiyi, 2007-ci ildə yaradılmış dövlət orqanı və qurumun vəzifələri haqqında ətraflı məlumat təqdim edib və fürsətdən istifadə edərək, nazir müavinini ölkəmizə rəsmi səfərə dəvət edib.

Öz növbəsində, BƏƏ rəsmisi dost Azərbaycanla əlaqələrin həqiqətən də yüksək səviyyədə olduğunu təsdiqləyərək, ölkə rəhbərləri ilə yanaşı, dövlət və hökumət nümayəndələri arasında səfər mübadilələrinin də önəminə diqqət çəkib. BƏƏ vətəndaşları üçün regionun turizm mərkəzinə çevrilən Azərbaycanda qısa müddət ərzində miqrasiya sahəsində görülən işlərin səviyyəsinə heyran olduğunu və bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə və lazımi dəstək verməyə hazır olduqlarını F.Nəbiyevin diqqətinə çatdırıb, rəhbərlik etdiyi qurumun strukturu və fəaliyyəti barəsində müfəssəl danışıb, Azərbaycana dəvətə görə təşəkkürünü ifadə edib və böyük məmnuniyyətlə səfərini həyata keçirəcəyini vəd edib.

Görüş əsnasında, miqrasiya, daimi və müvəqqəti yaşama icazəsi və başqa məsələlər üzrə tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur