Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib
Oktyabrın 15-də Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.
Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Xidmət rəisi dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd etməyə hazırlaşan ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən bəhs edib. F.Nəbiyev vurğulayıb ki dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2016-cı ilin 9 ayı ümumiyyətlə respublikamız üçün iqtisadi inkişaf üzərində formalaşan möhkəm ictimai-siyasi sabitlik, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, xarici ölkələrlə əlaqələrinin genişləndirilməsi baxımından uğurlu olub. Müşavirədə bir sıra beynəlxalq tədbirlərə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsi və bu möhtəşəm layihələrlə bağlı ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikaya sərbəst şəkildə gəlməsinin və ölkədən getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən görülmüş işlər qeyd olunub.
Xidmət rəisi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi baxımından miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş fəaliyyətə toxunub.
Ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün əsaslı fəaliyyət planının uğurla icra edildiyinə diqqət çəkilib.
Müşavirədə Xidmətin beynəlxalq əlaqələri ətraflı təhlil olunub.
BMT Baş Assambleyasının "Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması" mövzusunda yüksək səviyyəli görüşündə, eləcə də Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 67-ci sessiyası çərçivəsində ikitərəfli və çoxtərəfli formatda aparılan müzakirələr barədə danışan Xidmət rəisi Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən 19-cu iclasının yekunu olaraq qəbul edilən qərarları qeyd edib.
Son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilən Azərbaycanda qalma müddətinə müvafiq olaraq hesabat dövründə 547.123 nəfərin olduğu yer üzrə qeydiyyata alındığı açıqlanıb.
Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 79.049 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Bu ilin 9 ayı ərzində 14.482 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı qərar qəbul edilmişdir.
Xidmət rəisi Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Preziden İlham Əliyevin respublikanın sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində konkret göstərişlər verdiyini xatırladıb. F.Nəbiyev bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini ciddi tələbkarlıq şəraitində, günün tələbləri səviyyəsində qurmalıdır.
Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.
Müşavirəyə yekun vuran Xidmət rəisi əminlik ifadə edib ki, Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı nəticəsində miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv, mobil bir qurum kimi formalaşmış, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması və ölkə iqtisadiyyatının inkişafına töhfə vermək kimi vəzifə və tapşırıqları bundan sonra da müvəffəqiyyətlə yerinə yetirəcək.