Yardımlı rayonunda maarifləndirmə tədbiri keçirilib
Vətəndaşsızlıq hallarının aradan qaldırılması, miqrasiya sahəsində hüquqi maarifləndirmə, qanunsuz miqrasiyaya qarşı mübarizə, sənədsiz yaşayan şəxslərin müvafiq sənədlərlə təmin olunmasına köməklik göstərmək məqsədilə Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisi olan Yardımlı rayonunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə, vətəndaşsızlıq hallarının aradan qaldırılması barədə Dövlət Miqrasiya Xidmətinin ölkəmizdə gördüyü işlər haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, vətəndaşlığı olmayan şəxslərlə bağlı münasibətləri tənzimləyən milli qanunvericiliyin bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılıb. Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsində vətəndaşlığı olmayan şəxsin anlayışı verilib.Həmin maddəyə əsasən vətəndaşlığı olmayan şəxs heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir.
Vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində atılan əsas addımlardan biri də Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”dır. Qaydaya əsasən aşağıdakı hallardan hər hansı biri olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır:
· “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş şəxslər həmin tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda;
· 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda;
· Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda;
· Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda:
1) doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa;
2) doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa;
· Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs;
· Əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq;
· Əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq;
· Valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı;
· Uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı;
· Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda;
· Valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı.
Bundan başqa, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin bu Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olduqda, həmin şəxslərin Azərbaycan vətəndaşlığına mənsubiyyətləri tanınır.
Tədbirdə vurğulanıb ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq ölkədə olmaq və yaşamaqlarını leqallaşdırmalı, ölkə ərazisində 10 gündən artıq qalmaq istədikləri halda 10 gün ərzində qeydiyyata düşməlidirlər. Ümumiyyətlə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, DMX-nə bu barədə mütləq məlumat verməli və yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.