newsPhoto

Bakıda MDB üzvü olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilib

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edib. O qeyd edib ki, hazırda dünyada baş verən intensiv miqrasiya prosesləri həm bütün dünya üçün, həm də MDB ölkələri üçün aktualdır. F.Ələsgərov miqrasiya siyasətinə istər milli, istərsə də beynəlxalq səviyyədə yeni yanaşmalar hazırlanmasının zəruriliyini bildirib. Şöbə müdiri xatırladıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində MDB məkanında qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşmiş birinci ölkə Azərbaycan olub.

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev MDB-nin fəaliyyətinin daim dəstəklənməsinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. S.Lebedev xatırladıb ki, MDB-nin yaradılmasından 25 il keçir. Bu müddətdə MDB-nin beynəlxalq və regional birlik kimi özünü təsdiq etdiyini vurğulayan icraçı katib MDB məkanında miqrasiya məsələlərinin müzakirə edilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev deyib ki, miqrasiya sahəsində beynəlxalq təşkilatlarla işbirliyi, habelə müxtəlif ölkələrin müvafiq orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, MDB çərçivəsində mövcud miqrasiya problemlərinin və digər mühüm məsələlərin həlli üçün qarşılıqlı fəaliyyət, koordinasiya və anlaşma sahəsində böyük uğurlar qazanılıb.

MDB Parlamentlərarası Assambleyası daimi komissiyasının sədri, Milli Məclisin deputatı Arif Rəhimzadə vurğulayıb ki, MDB-də miqrasiya proseslərinin tənzimlənməsi sahəsində böyük təcrübə toplanıb, Birliyin miqrasiya sahəsində səlahiyyətli orqanlarının qarşılıqlı fəaliyyətini təmin edən və miqrasiya siyasətinin əsas istiqamətlərini tənzimləyən hüquqi baza yaradılıb. A.Rəhimzadə xatırladıb ki, MDB-də Miqrasiya Məcəlləsi qəbul etmiş ilk ölkə Azərbaycandır.

İclasda Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Şuranın sədri seçilib. A.Qorovoy çıxışında bildirib ki, gündəliyə 18 məsələ daxil edilib.

Sonra Şura üzvləri Birlik ölkələrində miqrasiyanın vəziyyətini və “MDB iştirakçısı olan dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrasının gedişini müzakirə ediblər.

MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bankının yaradılması, habelə həmin məlumat bankı haqqında əsasnamənin işlənib hazırlanması məsələsinə dair işçi qrupun iclasının nəticələri nəzərdən keçirilib.

İclasda vətəndaşsızlıq hallarının azaldılması sahəsində Azərbaycan Respublikasının təcrübəsi, Belarus Respublikası miqrasiya orqanlarının ölkədə yaşamanın leqallaşdırılmasının bir üsulu kimi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin saxta nikahlarının aşkarlanması təcrübəsi, habelə Birlik dövlətlərinin ərazilərinə fövqəladə qaydada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi müzakirə edilib.

Bundan əlavə, miqrasiya sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyəti, MDB ölkələrində əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərini reallaşdırılmasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi və Birlik dövlətlərinin miqrasiya sahəsində üçüncü ölkələrlə bağladığı beynəlxalq müqavilələr barədə söhbət aparılıb. Qanunsuz miqrasiya kanallarının aşkar edilməsi, pasportların, giriş vizalarının, MDB iştirakçısı olan dövlətlərin ərazisinə giriş-çıxış və ölkədə olma zamanı istifadə edilən digər sənədlərin texniki və digər mühafizəsi üsullarının təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Şura üzvləri MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarının qarşılıqlı səfərləri üçün əlverişli şərait yaradılması təcrübəsini, Birlik ölkələrinin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin yaradılması işinin gedişini və miqrasiya sahəsində əməkdaşlığı tənzimləyən MDB dövlətlərinin hüquqi aktlarının inventarlaşdırılması məsələsini müzakirə ediblər.

Sonda MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti 20-ci iclasının 2017-ci ilin birinci yarısında Tacikistan Respublikasında keçirilməsi qərara alınıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur