“Vətəndaşlığın Azərbaycan Respublikasının qanunvericiliyində milli hüquqi əsasları” mövzusunda tədbirlər keçirilib
Miqrasiya qanunvericiliyi sahəsində şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən Xaçmaz və Şabran şəhərlərində “Vətəndaşlığın Azərbaycan Respublikasının qanunvericiliyində milli hüquqi əsasları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və gördüyü işlər barədə ətraflı məlumat verilən tədbirlərdə bildirilib ki, hər bir dövlətin əhalisi onun vətəndaşlarından, həmçinin onun ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ibarətdir. Dövlət Miqrasiya Xidmətinin öz səlahiyyətləri çərçivəsində həssaslıqla yanaşdığı məsələlərdən biri də, vətəndaşlıq məsələlərinin və bu sahədə yaranan sualların ölkə qanunvericiliyinin tələbləri çərçivəsində həll olunmasıdır. Ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı məsələlər diqqətə çatdırılıb. Ölkədə yaşayan şəxslərdən Azərbaycan vətəndaşlığına qəbul, xitam, bərpa məsələlərinə dair vəsatətlərin qəbulu və həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim etmək Xidmətin vəzifələrindən biridir.
O da diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edildiyi vaxtdan indiyədək 1626 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.
Həmçinin tədbirlərdə qeyd edilib ki, vətəndaşlıq məsələləri ilə bağlı Xidmətin fəaliyyətini daha əsaslı həyata keçirə bilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 457 nömrəli Fərmanına görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək Xidmətin vəzifəsi kimi müəyyən olunub.
Qeyd olunanlarla yanaşı, bu istiqamətdə atılan əsas addımlardan biri də Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”dır. Bu Qaydada şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilərkən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları nəzərə alınıb. Belə ki, adıçəkilən qaydanın 4.3-cü bəndinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin bu Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır.
Bu Qaydada, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərin və hərbi xidmətdə olan hərbi qulluqçuların şəxsiyyət vəsiqəsi ilə təmin olunması sahəsində üzləşdiyi problemlər nəzərə alınıb.
Diqqətə çatdırılıb ki, respublikamızda vətəndaşsızlıq hallarının qarşısının alınması və aradan qaldırılması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi istiqamətində regional miqrasiya idarələrinin əhatə etdiyi xidmət ərazilərində Dövlət Miqrasiya Xidməti tərəfindən geniş maarfiləndirmə tədbirləri davam etdirilir.
Sonda Xidmətin məsul əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Elə həmin gün, ölkə ərazisində qeyri qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması istiqamətində Xaçmaz regional miqrasiya idarəsi tərəfindən görülmüş tədbirlər nəticəsində aşakar olunmuş şəxslərdən 17 nəfəri DMX-nin məsul əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilib, onlara qanunvericiliyin tələbləri izah olunub və müvafiq sənədlərin siyahısı təqdim edilib.