Ağdam rayonunda “Miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırılmasının qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyəti” mövzusunda tədbir keçirilib
Dövlət Miqrasiya Xidmətinin əhalinin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirilməsi məqsədilə Quzanlı qəsəbəsindəki Mədəniyyət sarayında təşkil etdiyi tədbirdə Ağdam rayonunun hüquq mühafizə orqanlarının rəhbərləri, o cümlədən şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, həmçinin ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Tədbirdə Yevlax regional miqrasiya idarəsi rəisinin müavini, miqrasiya xidməti müşaviri Aydın Əliyev “Miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırılmasının qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Bildirib ki, Ulu öndər Heydər Əliyevin söylədiyi kimi “İnsan üçün harda xoşdursa, harada yaxşı yaşayırsa, harada ailəsi üçün daha uyğun şərait əldə edirsə, orada da yaşayır. Bunların hamısı təbii insani keyfiyyətlərdir”. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan inamla belə dövlətlər sırasına daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial inkişaf dinamikası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması, ölkəmizdə yaradılmış sabitlik, əmin-amanlıq şəraiti Azərbaycanı regionun liderinə cevirib və respublikamız əcnəbilər üçün çox cəlbedici məkana çevrilib.
Diqqətə çatdırılıb ki, təkcə sentyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı 67.648 əcnəbinin Xidmətə müraciəti daxil olmuşdu.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti 2009-cu il iyulun 1-dən «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. Bu da miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, sənədləşmənin sadələşdirilməsinə xidmət edir.
Bu gün Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət növü təqdim olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə müvəqqəti və ya daimi yaşaması, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi, habelə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər qəbul edilir.
DMX-nin göstərdiyi 11 xidmətin elektronlaşdırılması ilə bağlı geniş məlumat da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonra Xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin əməkdaşı, II dərəcəli miqrasiya xidməti qulluqçusu Sahib İsmayılov çıxış edib. Məlumat verib ki, Azərbaycan Respublikasında vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq huquq normalarının tələblərini nəzərə alan müvafiq qanunvericilik bazası yaradılıb.
O, ölkədə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində DMX tərəfindən görülən işlər barədə də söhbət açıb.
Qeyd edib ki, xarici dövlətin vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. 2014-cü ilin iyulun 1-dən digər ölkə vətəndaşlığını əldə etmiş şəxslər bu barədə Azərbaycan ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə məlumat verməlidirlər. Əks halda Cinayət Məcəlləsinə əsasən həmin şəxslər 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılırlar.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.