newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vyanada işgüzar səfərdədir

 

Dövlət Miqrasiya Xidmətinin rəisi,  II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) təşkilatçılığı ilə keçirilən Miqrasiya Konfransında iştirak etmək məqsədilə Vyana şəhərində səfərdədir. 

F.Nəbiyev səfər çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin rəhbərliyi, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı Baş direktorunun müavini Laura Tomson və təşkilatın Şərqi və Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru ilə görüşlər keçirib. 

MSİBM-də keçirilmiş görüşdə Xidmət rəisi ilk növbədə bu təşkilatın Azərbaycan Respublikası Hökuməti ilə birgə reallaşdırdığı MOBİLAZE layihəsinin uğurla həyata keçirildiyini və yaxın gələcəkdə MSİBM-nin Bakı ofisinin açılmasına ümidvar olduğunu deyib.

Ölkəmizdə miqrasiya siyasətinin səmərəli nəticələrindən, əldə olunmuş nailiyyətlərdən, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən geniş söhbət açan  F.Nəbiyev  beynəlxalq müstəvidə baş verən miqrasiya böhranı mövzusuna toxunub. Bütün resursların bu problemə gətirib çıxaran başlıca səbəblərin aradan qaldırılması və qarşısının alınmasına yönəldilməsinin vacibliyini vurğulayıb. Bu il sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində keçirilmiş BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə qəbul edilmiş Bəyannamənin əhəmiyyətini qeyd edib.

Xidmət rəisi Azərbaycanın ən ümdə problemi - Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilməməsini təəssüf hissi ilə qeyd edib və beynəlxalq ictimaiyyətin regionda sabitliyə ciddi təhlükə olan bu konfliktin sülh yolu ilə həlli üçün səylərini artırmasının vacibliyini vurğulayıb. Əlavə edib ki, 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. Öz doğma yerlərini tərk etməli olmuş insanların bütün problemlərini Azərbaycan hökuməti öz üzərinə götürüb və bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar tədbirləri mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sosial, mənzil-məişət prоblеmlərinin həllinin ardıcıllığı prinsipi əsasında həyata kеçirir. Belə ki, ötən dövr ərzində Azərbaycan hökuməti tәrәfindәn məcburi köçkünlәr üçün yüzə yaxın müasir qәsәbә salınıb, minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Laura Tomson və təşkilatın Şərqi və Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev arasında keçirilmiş görüşdə Dövlət Miqrasiya Xidməti ilə BMqT arasında qurulmuş yüksək səviyyəli əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub. Qarşı tərəf Azərbaycanın miqrasiya baxımından mənşə ölkədən təyinat ölkəsinə çevrilməsinə diqqət çəkib. Buna əsas səbəb kimi Azərbaycanda multikultural dəyərlərə verilən önəm, dini dözümlülük, tolerantlıq, sabitlik və qonaqpərvərlik atmosferinin olduğu göstərilib.

Görüşdə həmçinin könüllü qayıdışa yardım çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi”nin yaxın zamanlarda imzalanması üçün səylərin artırılması ilə bağlı qarşılıqlı razılıq ifadə olunub. 

Hər iki görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur