newsPhoto

Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti Praqa Prosesi çərçivəsində 3-cü Nazirlər Konfransında iştirak edib

 

Sentyabrın 18-dən 21-dək Slovakiya Respublikasının Bratislava şəhərində Praqa Prosesi çərçivəsində keçirilən 3-cü Nazirlər Konfransında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Konfransın keçirilməsində məqsəd Praqa Prosesinin ötən dövr ərzindəki fəaliyyətinin nəticələrinin ümumiləşdirilməsi, eləcə də mövcud çağırışların və mümkün gələcək layihələrin müzakirə edilməsi olub.

Tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev çıxış edərək dünya dövlətləri arasında iqtisadi-siyasi əlaqələrin gücləndiyi, qlobal iqtisadiyyatın inkişaf dinamikasında mühüm rol oynayan ölkələr arasında insan axınlarının vüsət aldığı bir dövrdə miqrasiya və onun idarəolunmasının aktual məsələyə çevrildiyini bildirib. Qeyd edib ki, bu gün miqrasiya proseslərinin düzgün şəkildə idarəolunması və bu proseslərin ölkənin iqtisadi maraqlarına uyğun tənzimlənməsi üçün müvafiq miqrasiya siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası hələ ötən əsrin 80-ci illərinin sonlarından kütləvi miqrant axını ilə üzləşib, on minlərlə insan öz vətənindən didərgin düşüb və  nəticədə bir milyona yaxın qaçqın və məcburi köçkün ölkə ərazisində məskunlaşıb.

Həmçinin, ötən dövr ərzində Azərbaycan Respublikasında müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər,  ölkəmizdəki siyasi sabitlik, həmçinin ölkəmizin geosiyasi mövqeyi dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya edənlərin sayının da artmasına səbəb olub. Bildirilib ki, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən amil kimi də qeyd edilməlidir.

Azərbaycan Respublikasında yaşayan, işləyən və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dəqiq uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin nəzdində Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) yaradıldığı bildirilib. VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb.

Bununla yanaşı, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub.  Vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində konkret işlər görülüb.

Qeyd olunub ki, Azərbaycan miqrantların hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya proseslərinin idarəolunması və proqnozlaşdırılması məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

Ölkəmizin Praqa Prosesi çərçivəsində əməkdaşlığa xüsusi diqqət verərək yarandığı ilk gündən etibarən sözügedən proses çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirakına da diqqət çəkilib.

Miqrasiya proseslərində mövcud olan problemlərin aradan qaldırılmasında Azərbaycan təcrübəsindən danışan Xidmət rəisinin müavini respublikamızın miqrasiya sahəsində dünyanın aparıcı regional məşvərətçi proseslərindən biri olan Praqa Prosesi ilə yüksək səviyyədə olan uğurlu əməkdaşlığını bundan sonra da inkişaf etdirəcəyini və miqrantların hüquqlarının müdafiəsi üzrə qarşıda duran vəzifələri uğurla yerinə yetirmək üçün öz qüvvə və bacarığını səfərbər edəcəyini vurğulayıb. Sözügedən tədbirdə Avropa İttifaqı Üzv Dövlətləri, Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla ümumilikdə 50 dövlətin miqrasiya sahəsində cavabdeh qurumlarının, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin, Beynəlxalq Miqrasiya Təşkilatının, Avropa Komissiyasının, Avropa Xarici Fəaliyət Xidmətinin, Avropa İttifaqı Şurasının və FRONTEX-in yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Konfrans zamanı aktual miqrasiya problemləri müzakirə olunub, qlobal miqrasiya tədbirlərinin ayrı-ayrı dövlətlər tərəfindən fərdi qaydada həyata keçirilməsinin mümkünsüzlüyü qeyd edilib, sərhəd idarəçiliyi, sığınacaq, qayıdış, qanunsuz miqrasiya kimi miqrasiya ilə bağlı sahələrdə mövcud olan problemlərə birgə yanaşmanın əhəmiyyəti vurğulanıb. Effektiv miqrasiya idarəçiliyinin yaradılmasında Praqa Prosesinin müsbət rolu və bu günədək həyata keçirilən təşəbbüslər nəticəsində əldə olunmuş naliyyətlərə diqqət çəkilib, eləcə də gələcək miqrasiya çağırışları və immiqrasiya ilə bağlı təzyiqlər Praqa Prosesinin Fəaliyyət Planın növbəti 5 il müddətinə artırılması üçün əsas səbəblər kimi göstərilib.

Nazirlər Konfransının yekununda Birgə Bəyannamə qəbul olunub. Qəbul edilən Bəyannamə birgə əməkdaşlığın davam etdirilməsi üçün Praqa Prosesinə 2017-2021-ci illər üçün mandat verib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur