newsPhoto

Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının yüksək səviyyəli görüşündə iştirak edir  

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri  Firudin Nəbiyev BMT Baş Assambleyasının "Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması" mövzusunda yüksək səviyyəli görüşündə çıxış edib.

Xidmət rəisi bildirib ki, son illər dünyada münaqişə və böhran zonalarının coğrafi əhatəsinin genişlənməsi həlak olan və öz evlərini tərk etmək məcburiyyətində qalan insanların sayının böyük bir ölçüdə artmasına gətirib çıxarıb. Münaqişələr və zorakılıqlar nəticəsində bu gün dünyada 60 milyondan çox insan məcburi olaraq yerdəyişməyə məruz qalıb. Beynəlxalq ictimaiyyət ilk növbədə yeni silahlı münaqişələrin meydana çıxmasına  imkan verməməli və mövcud münaqişələrin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipi başda olmaqla beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi istiqamətində səylərini daha da artırmalıdır. Qaçqınların, məcburi köçkünlərin və miqrantların problemlərinin həll edilməsində dövlətlər və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı kimi beynəlxalq təşkilatlar və BMT-nin müvafiq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir.

F.Nəbiyev əlavə edib ki,  bu gün dünyada artıq ümumi sayı rekord həddə 41 milyona çatmış məcburi köçkünlərin ağır vəziyyəti və ehtiyacları heç cür diqqətdən kənarda qalmamalıdır və buna görə də, beynəlxalq ictimaiyyətin bu problemin həllinə münasibətdə ümumi və vahid yanaşmadan çıxış etməsi zəruridir. Yaranmış acınacaqlı şərait artıq Daxili Köçürülmə üzrə Rəhbər Prinsiplər əsasında universal məcburi sənədin hazırlanması məsələsinin ciddi surətdə nəzərdən keçirilməsini şərtləndirir. Bu kontekstdə, Azərbaycan Afrika İttifaqı tərəfindən məcburi köçürülmə ilə bağlı məcburi səciyyə daşıyan ilk sənəd olan “Afrikada ölkə daxilində köçürülmüş şəxslərin müdafiəsi və onlara yardım üzrə Konvensiya”nın qəbul edilməsini alqışlayır. Biz eyni zamanda BMT Baş katibinin Bəşəriyyət üçün Gündəliyində 2030-cu ilə qədər məcburi köçürülmənin ən azı 50 faizə qədər azaldılması ilə bağlı müəyyənləşdirilmiş iddialı məqsədə nail olunacağına ümid edirik.

Xidmət rəisi vurğulayıb ki, Azərbaycanın məcburi köçkün məsələsinə verdiyi önəm və həssaslığının səbəbləri tam aydındır. Ermənistan tərəfindən ərazisinin işğalına görə ölkəmiz genişmiqyaslı məcburi köçürülmə problemi ilə üzləşib. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. 25 ildən artıqdır ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq özünün işğalçılıq siyasətini, hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylərini davam etdirir və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıdışını əngəlləyir. Bundan başqa, təəssüflə qeyd etməliyik ki, Ermənistan hazırkı qaçqın və miqrant böhranından sui-istifadə edərək, Suriyadan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır. Bu beynəlxalq humanitar hüququn, ilk növbədə 1949-cu il dördüncü Cenevrə Konvensiyasının və Əlavə Protokollarının kobud surətdə pozulmasıdır.

F.Nəbiyev qeyd edib ki, Azərbaycan öz doğma yerlərindən qovulmuş məcburi köçkünlərin bütün problemlərini öz üzərinə götürüb. Azərbaycan hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış və tibbi, sosial təminatı ilə əlaqədar tədbirlər davamlı olaraq həyata kеçirilir. Belə ki, ötən dövr ərzində Azərbaycan hökuməti tәrәfindәn məcburi köçkünlәr üçün yüzə yaxın müasir qәsәbә salınıb, minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həll olunması sahəsində səyləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatlar tərəfindən yüksək dəyərləndirilib.

Sonda Xidmət rəisi  məcburi köçkünlərin müdafiəsi, məcburi köçürülmə vəziyyətlərinin meydana çıxmasının qarşısının alınması və bu kimi halların azaldılmasına yönəlmiş strategiyaların nəzərdən keçirilməsinin vacibliyi ideyasını özündə ehtiva etməklə qəbul edilmiş siyasi bəyannamənin bu kövrək təbəqə üçün güclü müdafiə çərçivəsinin hazırlanması səylərinə qlobal miqyasda böyük bir təkan verəcəyinə inam ifadə edib və  Azərbaycanın bu işə öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırıb. 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur