Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2016-cı ilin avqust ayına olan statistik məlumatları
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2016-cı ilin avqust ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ay ərzində 3478 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Onlardan 22-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 255 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2373 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 828 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8862 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 95985 əcnəbinin müraciəti qeydə alınıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 12 nəfər Pakistan İslam Respublikası və 2 nəfər İraq Respublikası vətəndaşları saxlanılıb.
Araşdırma zamanı Pakistan vətəndaşlarından Basil Ahmad Zeshanın və Wadvan Ahmadın 5 nəfər Pakistan İslam Respublikası vətəndaşına dələduzluq yolu ilə saxta vizaların düzəldilməsinə cəhd göstərdikləri məlum olub. Belə ki, Azərbaycana ilk dəfə gələn, kompüter proqramlarının mütəxəssisi olan Basil Ahmad Zeshan saxta viza hazırlanması üçün öz həmvətəni, ölkəmizdə qanunsuz məskunlaşan Wadvan Ahmaddan sifarişi alıb və vizaları Bakı Metropolitenin 28 may stansiyasının yaxınlığındakı internet klubda xüsusi proqram vasitəsilə hazırlayıb. Basil Ahmad Zeshan saxta vizaların hazırlanmasında Babar Shahzad adlı digər Pakistan vətəndaşına məxsus elektron vizanın məlumatlarını dəyişməklə istifadə edib.
Digər 7 nəfərin ölkə ərazisinə Pakistan İslam Respublikasının vətəndaşı Sana Ur Rahman tərəfindən aldadılaraq gətirildikləri məlum olub. Belə ki, S.U.Rahmanın 2015-ci il sentyabrın 19-da Azərbaycana daxil olduğu, ali təhsil müəssisəsində əyani təhsil əsasında özünə və ailə üzvlərinə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi alaraq ölkə ərazisində yaşayışını leqallaşdırdığı, Pakistan İslam Respublikası vətəndaşlarını işə düzəltmək vədləri ilə aldadaraq müəyyən məbləğdə vəsait qarşılığında ölkəmizə gətirilmələrini təşkil etdiyi müəyyən edilib. S.U.Rahman həmvətənlərini Bakı şəhərində kirayələdiyi müxtəlif ünvanlarda yerləşdirib.
Eyni zamanda S.U.Rahmanın digər Pakistan vətəndaşı Nabeel Anjumu özünün qanunsuz əməllərinə cəlb etdiyi, N.Anjumun Azərbaycana gətirilən Pakistan vətəndaşlarının qarşılanmasını, yerləşdirilməsini, həmçinin müxtəlif vədlərlə aldadaraq onların S.U Rahmana müraciət etmələrini təşkil etdiyi aşkar edilib. Eyni zamanda N.Anjumun bu il iyunun 25-də ölkə ərazisinə daxil olduğu və iyulun 26-dan isə respublikada qanunsuz yaşadığı məlum olub.
Saxlanılmış digər Pakistan vətəndaşları Shahzada Abu Bakar, Majid Ali, Arslan Ramzan, Adnan Athar, Muhammad Munir, Zahid İmran və Arshad Mahmoodun ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Bununla yanaşı, keçirilmiş tədbirlər zamanı saxlanılmış əcnəbilərdən İraq Respublikasının vətəndaşı Ahmed Mohammad Jarullah Mahmood 2015-ci il dekabrın 22-də ölkəmizə turist bələdçisi qismində çalışmaq məqsədilə gəlib və İraq vətəndaşlarının Azərbaycana gətirilməsi, yerləşdirilməsi, bələdçilik və yola salınması xidmətini qeyri-rəsmi olaraq göstərib.
Ahmed Mohammad Jarullah Mahmoodun və saxlanılmış digər İraq vətəndaşı Mahmud Shakir Mahmud Ad-Dulaiminin viza müddətlərinin bitməsinə baxmayaraq şəxslər ölkə ərazisini tərk etməyib, qanunsuz miqrant olaraq ölkədə yaşamaqda davam ediblər.
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində Dövlət Miqrasiya Xidməti tərəfindən qeyd edilən əcnəbilər ifşa edilərək zərərsizləşdirilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 5 maarifləndirmə tədbiri keçirilib, o cümlədən 29 şəxsə səyyar xidmət göstərilib.