newsPhoto

Goranboyda “Beynəlxalq Sülh günü”nə həsr edilmiş konfrans keçirilib

21 sentyabr - “Beynəlxalq Sülh günü” ilə əlaqədar elan olunan “Sülh aylığı” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən sentyabrın 7-də Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Goranboy şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə konfrans keçirilib.

Konfransda əhalinin miqrasiya sahəsində qanunvericiliyin tələbləri barədə maarifləndirilməsi istiqamətində DMX tərəfindən görülmüş işlər və əldə edilmiş nəticələrə dair məruzə təqdim olunub.

Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsindən, ayrı-seçkiliyin yolverilməzliyindən, sülh və dözümlülüyün, xalqımızın milli-mənəvi dəyərlərinin fəlsəfi mahiyyətindən söhbət açılan tədbirdə bildirilib ki, “Sülh aylığı” əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir.

Qeyd olunub ki, “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”, deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını verib.  Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ölkəmizin sözün əsl mənasında tolerantlığın məkanı olmasının əyani nümunəsidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü tam mahiyyəti üzrə qeyd etməsi isə, təbii ki, Ermənistanın Azərbaycana təcavüzünə son qoyulmasından, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın  ərazi bütövlüyünün tam bərpa ediləcəyinə əminlik ifadə olunub.

Gəncə regional miqrasiya idarəsinin məsul əməkdaşları Xidmətin fəaliyyət istiqamətləri barədə məlumat verib, hər bir dövlətdə, o cümlədən  ölkəmizdə həm milli təhlükəsizlik maraqlarını təmin etmək, eləcə də daxili əmək bazarını qorumaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparıldığını bildirib və əldə edilmiş nəticələrə toxunublar. Vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində DMX-nin həyata keçirdiyi tədbirləri konkret faktlarla qeyd ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikasında mövcud olan sabitlik, dinamik inkişaf, vətəndaşların təhlükəsizliyinin təmin olunması əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizə axınını artırır.

Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyat keçirilən müvafiq tədbirlər rəqəmlərin dili ilə təqdim edilib. Son aylarda Xidmətə müraciət edənlərin sayının xeyli artdığı, təkcə 10 gündən artıq ölkədə qalmaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatla bağlı bir ay ərzində yüz minə yaxın müraciətinin daxil olduğu bildirilib. Həmçinin, Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı da hər ay 10 minə yaxın müraciət edildiyi qeyd olunub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul edilir.

Mövzu ilə bağlı ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur