21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə Dövlət Miqrasiya Xidməti Göyçay rayonunda tədbir keçirib
Hər il bütün dünya ölkələrində qeyd edilən 21 sentyabr “Beynəlxalq Sülh günü” ilə əlaqədar 21 avqust – 21 sentyabr tarixlərində elan olunan “Sülh aylığı” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəalarının icrası ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək tədbirlərə dair plan hazırlanıb.
Tədbirlər planına uyğun olaraq Dövlət Miqrasiya Xidmətinın Ağsu regional miqrasiya idarəsinin əhatə etdiyi Göyçayda rayon ictimaiyyətinin nümayəndələrinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə keçirilən tədbirdə Xidmətin baş idarə rəisi, baş miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov “Multikultural cəmiyyətdə miqrantların rolu” mövzusunda çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dövlətimizin nə qədər tolerant, dözümlülük prinsipləri əsasında idarə edildiyini bir daha sübut edir.
Bu gün dünyanın bütün qitələrindən ölkəmizə təşrif buyuran hər kəs milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni olan Azərbaycanda özünü çox rahat hiss edirlər. Dövlət Miqrasiya Xidməti də fəaliyyətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda rahat və qanuni əsaslarla yaşamaları üçün bütün mümkün vasitələrdən istifadə edir.
“Vətəndaşsızlığın aradan qaldırılması istiqamətində görülmüş tədbirlər” mövzusunda DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Cəmil Hüseynov çıxış edib. Bildirib ki, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin həlli, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq əsaslı işlər görməkdədir. Belə ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin ayrı-ayrı bölgələrində məskunlaşmış müxtəlif dövlətlərin vətəndaşlıqlarına mənsub olan əcnəbilərin müəyyənləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Onların bəzilərinin uzun illər ölkə ərazisində qanunsuz yaşamaları aşkar edilib. Belə şəxslərin müvafiq yaşama icazələri almalarının təmin edilməsi məqsədilə regionlarda çoxsaylı tədbirlər keçirilir və lazımi izahat işləri davam etdirilir, onlara hüquqi yardımlar göstərilir. Həmçinin, keçmiş sovet pasportu ilə yaşayan və vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilməmiş şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində də müvafiq işlər görülməkdədir. Bu istiqamətlərdə görülən tədbirlər öz müsbət nəticələrini verir.
Çıxış edənlər bu məqsədyönlü siyasəti Azərbaycan dövlətinin humanist mahiyyətinin nümunəsi kimi dəyərləndiriblər.
Sonda sülh aylığı çərçivəsində keçirilmiş tədbirdə iştirak edən ictimaiyyət nümayəndələrini maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinın səlahiyyətli əməkdaşları tərəfindən cavablandırılıb.