newsPhoto

Qax və Zaqatala rayonlarında maarifləndirmə tədbirləri keçirilib  

Əhalinin  miqrasiya   qanunvericiliyi  sahəsində  maarifləndirilməsi məqsədilə Şəki regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən Qax və Zaqatala rayonlarında “Vətəndaşsızlıq hallarının aradan qaldırılması, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və son illərin uğurlu nəticələri” mövzusunda keçirilən tədbirlərdə şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə   nümayəndələr, vətəndaşlar, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Görüşlərdə vurğulanıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş və miqrasiya proseslərinin idarə edilməsi, həmçinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi seçən Dövlət Miqrasiya Xidməti respublikamıza təşrif buyuran hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, onlara rahat, operativ və şəffaf xidmət üçün beynəlxalq standartlara cavab verən tədbirləri davam etdirir.

Xidmətin məsul əməkdaşı bildirib ki, Azərbaycan Prezidentinin 6 mart 2008-ci il tarixli fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin  vətəndaşlıq məsələlərində iştirakı təmin edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış vətəndaşlığı olmayan şəxslərin aşkarlanması, sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq görülən müvafiq tədbirlər barədə konkret faktlar diqqətə çatdırılıb.

Ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı gördüyü işlər barədə geniş məlumat görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb.

DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbul edildiyi qeyd olunub.

Tədbirlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində 10 gündən artıq qalmaq istədikləri halda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan 10 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları barədə izahedici söhbət aparılıb.

Xidmətin məsul əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirmə tədbirlərindən sonra Zaqatalada səyyar xidmət də həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 29  şəxs  istifadə edib. Onlardan 1 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, 1 nəfərindən  müvəqqəti  yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib. 20 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 7 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur