BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə Dövlət Miqrasiya Xidmətində görüş olub
Avqustun 9-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De Angelisi qəbul edib.
Görüş zamanı Xidmət rəisi F.Nəbiyev BMT QAK rəsmisini yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Daha sonra F.Nəbiyev qonaqlara Azərbaycanda miqrasiya prosesləri ilə bağlı mövcud vəziyyət haqqında ətraflı məlumat verib. Xidmət rəisi ölkənin ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi miqrasiya problemləri və problemlərin yaranma səbəbləri, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş vermiş işğal faktı, bunun nəticəsində də 1 milyondan artıq insanın 20 ildən çox müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini təəssüf hissi ilə qonaqların diqqətinə çatdırıb. Həmçinin, ikilistandartların yaratdığı fəsadlar, Avropanın üzləşdiyi miqrant problemi barədə fikirlərini bölüşüb.
Bildirib ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı əcnəbilərin respublikamıza marağını artırıb. F.Nəbiyev 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Xidmətin fəaliyyət istiqamətləri, görülmüş işlər barədə geniş söhbət açıb. Azərbaycanın milli miqrasiya qanunvericiliyinin zənginliyi, beynəlxalq təcrübəni özündə əhatə etməsi və sadəliyi qonaqlarda xoş təəssürat yaradıb. Miqrasiya Məcəlləsinin qəbulundan, Məcəlləyə son illər edilmiş əlavə və dəyişikliklərdən bəhs edən Xidmət rəisi beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın uğurlu nəticələrinə də diqqət çəkib. BMT QAK, eləcə də təşkilatın Azərbaycan nümayəndəliyi ilə əlaqələrin səmərəli olduğunu vurğulayıb. Xidmətdə yaradılmış xidməti şəraiti, Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti, əməkdaşların qulluğa qəbulu işindəki şəffaflığın yüksək səviyyədə təmin edilməsi qonaqların marağına səbəb olub.
Səmimi qəbula görə Xidmət rəisinə minnətdarlığını bildirən Furio De Angelis Dövlət Miqrasiya Xidmətində keçirilən görüşün Azərbaycan Respublikasının Xarici İşlər naziri və Baş nazirinin müavini ilə görüşdən sonra sayca 3-cü olduğunu və BMT QAK üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət Miqrasiya Xidmətinin təmsil etdiyi qurumun əsas tərəfdaşlarından biri olduğunu qeyd edən qonaq əldə etdiyi məlumatlardan əməkdaşlığın yüksək səviyyədə olduğu qənaətinə gəldiyini bildirib.
İki qurum arasında əməkdaşlığın sıx olduğunu diqqətə çatdıran F.Nəbiyev bunun təzahürü kimi Təşkilatın İcraiyyə Komitəsinin sessiyalarında Azərbaycan nümayəndə heyətinin iştirakını xüsusi vurğulayıb. Həmin sessiyalar çərçivəsində BMT QAK rəhbəri ilə ikitərəfli görüşlərini məmnunluqla xatırlayan Firudin Nəbiyev bu görüşlərin əməkdaşlığın dərinləşməsində önəmli rol oynadığını qeyd edib. BMT QAK-la əməkdaşlığın müxtəlif aspektlərinə toxunan Xidmət rəisi Azərbaycan Respublikasında olan qaçqınların, eləcə də qaçqın statusu almaq üçün müraciət edən şəxslərin hüquqlarının müdafiəsi sahəsində atılan addımlar, həmçinin qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən birgə tədbirlər barədə qonağı məlumatlandırıb. Bütün bu tədbirlərin məntiqi sonluğu kimi əlavə himayənin tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanması BMT QAK rəsmisinin diqqətinə çatdırılıb. Vətəndaşsızlıq hallarının azaldılması istiqamətində də Dövlət Miqrasiya Xidmətinin BMT QAK-la əməkdaşlıq etdiyini bildirən Firudin Nəbiyev son illər ərzində həyata keçirilən konstruktiv və kompleks tədbirlər nəticəsində ölkədə sənədsiz yaşayan şəxslərin sayının əhəmiyyətli dərəcədə azaldığını bildirib.
Səmimi qəbula görə Xidmət rəisinə bir daha minntədarlığını bildirən qonaq iki qurum arasında mövcud olan sıx əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.