newsPhoto

Dövlət Miqrasiya Xidmətində görüş olub

Sentyabrın 7-də Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) layihə meneceri, “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsinin rəhbəri xanım Violeta Vaqnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün keçirilməsində məqsəd adıçəkilən layihənin icra vəziyyəti ilə bağlı yeniliklər və əldə edilmiş nəticələr barədə fikir mübadiləsi aparmaq olub.

F.Nəbiyev miqrasiya sahəsində beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirən Dövlət Miqrasiya Xidmətinin 2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı (Aİ) və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” çərçivəsində icra olunan “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasına dəstək (MOBILAZE)” layihəsinin yüksək səviyyədə həyata keçirilməsində maraqlı olduğunu bildirib. O, müvafiq koordinasiya işlərinin aparılması üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə əvvəlcədən məlumat verilməsinin vacibliyini də qeyd edib. Xidmət rəisi layihə çərçivəsində keçiriləcək tədbirlərdə Dövlət Miqrasiya Xidməti əməkdaşlarının fəal iştirak edəcəyini və layihənin icrasına hərtərəfli dəstək göstəriləcəyini diqqətə çatdırıb.

Xanım Vaqner ilk növbədə layihənin əsas tərəfdaşlarından biri kimi Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, 1-ci komponent çərçivəsində iyun-iyul aylarında yay məktəbinin uğurla həyata keçriildiyini deyib və tədbirdə Dövlət Miqrasiya Xidməti əməkdaşlarının fəal iştirakına görə minnətdarlıq edib. Eyni zamanda, Bakı Dövlət Universiteti ilə birgə pilot miqrasiyaya dair kurikulumun hazırlandığını deyib.

Xanım Vaqner 2-ci komponent çərçivəsində hazırda ekspert missiyasının Azərbaycanda olduğu və bir sıra qurumlarla görüşlərin planlaşdırıldığı barədə məlumat verib.

Sənədlərin təhlükəsizliyi sahəsində Azərbaycan qurumlarının potensialını artırmaqla bağlı olan 3-cü komponent çərçivəsində okyabrın 2-ci yarısında seminarın keçiriləcəyi bildirilib. F.Nəbiyev ölkəmizin sərhəd buraxılış məntəqələrində Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrinin fəaliyyət göstərdiyini və Xidmət əməkdaşları tərəfindən bəzi hallarda saxta sənədlərin aşkarlandığını, ona görə də Xidmətin bu komponentdə iştirakda maraqlı olduğunu vurğulayıb.

Violeta Vaqner 4-cü komponent çərçivəsində Xidmətin qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi ilə bir sıra görüşlərin keçirildiyini və komponent çərçivəsində fəaliyyətdən razı qaldıqlarını ifadə edib.     

O, həmçinin 5-ci komponent çərçivəsində ehtiyacların qiymətləndirilməsi ilə bağlı işlərin davam etdirildiyini bildirib.

Xidmət rəisi “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində geri qayıdan şəxslərə layihə çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin və ya digər təşkilat tərəfindən birbaşa deyil, dolayı yardımın göstərilməsi məsələsinə də toxunub. Qeyd edilib ki, bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən müvafiq dəstək göstərilir, lakin layihə çərçivəsində müəyyən yardımların ayrılması 5-ci komponentin daha səmərəli həyata keçirilməsinə töhfə verə bilər.

Xanım Vaqner bu istiqamətdə işlərin aparıldığını söyləyib.

Sonda MSİBM tərəfindən icra olunan digər təşəbbüslərdə də Dövlət Miqrasiya Xidmətinin iştirakı müzakirə olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur