Dövlət Miqrasiya Xidmətinin daha bir elektron xidməti elektron hökumət portalına inteqrasiya olundu
Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu prosesi sadələşdirən Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” adlı xidməti portala inteqrasiya edildi.
Xidmət qeydiyyatsızdır, yəni xidmətdən istifadə etmək üçün portaldan qeydiyyatdan keçmək tələb olunmur. Sadəcə e-gov.az elektron ünvanına daxil olub, elektron xidmətlər içərisindən Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlər siyahısından “Olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədin qəbulu” xidmətini seçmək lazımdır.
Xidməti seçdikdən sonra olduğu yer üzrə Qeydiyyat pəncərəsində fiziki yaxud hüquqi şəxs kimi qeydiyyatdan keçmək mümkündür. Fiziki şəxs kimi qeydiyyatdan keçmək istəyən vətəndaş açılan səhifədə sənəd məlumatlarını qeyd edir, şəxsiyyət vəsiqəsinin foto surətini yükləyir və barəsində ilkin məlumatları müvafiq xanalara doldurur. Əcnəbinin qeydiyyata alınacağı ünvan məlumatından sonra istifadəçi ekranda görünən təhlükəsizlik simvolunu və rəqəmləri daxil edib təsdiqlə düyməsini sıxmaqla qeydiyyatdan keçmiş olur. Qeydiyyatı tamamlamaq üçün isə vətəndaş elektron poçt ünvanınına daxil olub linki təsdiqləyir və növbəti pəncərədə istədiyi şifrəni daxil edib təsdiqləməklə sistemə giriş əldə edir. Qeyd edək ki, vətəndaş sistemə bir dəfə giriş əldə etdikdən sonra, həmin şifrə ilə mütəmadi olaraq sistemdən istifadə edə biləcək.
Beləki, xidmət seçildikdən sonra açılan pəncərədə elektron poçt ünvanını və şifrəni daxil edən vətəndaş sistemə daxil olur. Sonra əcnəbinin qeydiyyata alınacağı “ünvan” düyməsini seçərək təsdiqlənməsini gözləyir. Ünvan aktiv olduqdan sonra əməliyyat düyməsini seçərək yeni səhifədə əcnəbi barədə tələb olunan sualları cavablandırır, və təsdiqlə düyməsini seçir. Nəticədə vətəndaş qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı elektron poçtuna bir iş günü ərzində bildiriş göndərilir.
Qeyd edək ki, xidmət 3 dildə Azərbaycan, ingilis və rus dilində təqdim edilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə hüquqi şəxslər tərəfindən qeydiyyatı isə fiziki şəxslərin həyata keçirdiyi qaydada aparılır.