newsPhoto

Dövlət Miqrasiya Xidmətində MOBILAZE layihəsinin rəsmiləri ilə görüş olub

İyunun 22-də Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev 2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı (Aİ) və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” çərçivəsində icra olunan “Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)”  layihəsinin rəsmiləri ilə görüşüb.

Xidmət rəisi dünyada miqrasiya və miqrantlar mövzusunun aktuallıq kəsb etdiyi müasir dövrdə Azərbaycanda miqrasiya proseslərinin idarəedilməsi və tənzimlənməsi sahəsində əldə olunan nəticələr barədə söhbət açıb. Respublikamızda mükəmməl miqrasiya qanunvericiliyinin formalaşdığını bildirib. Bu nailiyyətlərin əldə edilməsində Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını vurğulayıb.

Ölkəmizlə Avropa İttifaqı arasında readmissiya, miqrasiya və qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində sıx əməkdaşlığa toxunan F.Nəbiyev “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in icrası istiqamətində görülmüş işləri qeyd edib.

Görüşdə layihə çərçivəsində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Dövlət Miqrasiya Xidmətinin layihədə iştirakının əhəmiyyətindən söhbət açılıb və perspektivdə duran məsələlər müzakirə olunub.

Layihənin qarşıya qoyulmuş məqsədlərə nail olacağına, Azərbaycan ilə Avropa İttifaqı arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün töhfə verəcəyinə inam ifadə edilib.  

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin layihə meneceri, “Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)”  layihəsinin rəhbəri Violeta Vaqner səmimi qəbula görə təşəkkürünü bildirib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur