newsPhoto

"Miqrasiya prosesləri və bu proseslərə dövlət nəzarəti" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Siyəzəndə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayədələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. Maarifləndirmə tədbirində Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində  Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizə təşrif buyuran əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının, hüquq və azadlıqlarının təmin edilməsi üçün görülmüş işlər barədə danışılıb. Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir.

Miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparılan görüşdə bildirilib ki, qanunvericiliyin təkmilləşdirilməsinin məqsədlərindən biri də həmin hüquqi sənədlərin tənzimlədiyi sahə üzrə müvafiq prosedurların sadələşdirilməsidir. Miqrasiya Məcəlləsində də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilib.

Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı ilə nigahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də iş icazəsinin alınması tələb olunmur.

Məlumat verilib ki, müstəsna hal kimi təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olan və Azərbaycan Respublikasının vətəndaşı ilə nigahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşama icazələrinin verilməsi də Məcəllədə öz əksini tapıb.

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə respublikamızın ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləğinin yetkinlik yaşına çatmışlardan iki dəfə az - məsələn, 3 ayadək müvəqqəti yaşamaq üçün icazə almağa görə yetkinlik yaşına çatmış əcnəbi 30 manat ödədiyi halda yetkinlik yaşına çatmayan xarici vətəndaş və ya vəndaşlığı olmayan şəxsin cəmi 15 manat ödəməsinin müəyyənləşdirilməsi də dövlətimizin humanist mahiyyətinin nümunəsi kimi qeyd edilib. 

Görüşdə diqqətə çatdırılıb ki, qanunvericiliyə görə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.  Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat qaydaları barədə danışan Xidmət əməkdaşı əlavə edib ki, əcnəbi olduğu yeri dəyişdikdə, nəzərdə tutulmuş qaydada onun yeni olduğu yer üzrə qeydiyyata alınması təmin edilməlidir. Əks halda yaranan inzibati məsuliyyətin təsir dairəsi barədə iştirakçılara məlumat verilib.

Azərbaycan Respublikası  digər ölkələr kimi öz sərhədləri daxilində  əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı prosedur qaydalarını müəyyən edib və bu şərtlərə, qaydalara əməl etmək isə hər kəsin borcudur. 

Sonda suallar cavablandırılıb.

İştirakçılar bu cür tədbirlərin təşkilindən razı qaldıqlarını bildiriblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur