newsPhoto

Dövlət Miqrasiya Xidməti Daşkəsən rayonunda maarifləndirmə tədbiri keçirib  

Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Daşkəsən rayonunda təşkil edilmiş tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin əməkdaşları, təhsil işçiləri, sahibkarlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər. Rayon Mədəniyyət Mərkəzində keçirilən  görüşdə əvvəlcə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında  ətraflı məlumat verilib. Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlərin - istər 10 gündən artıq ölkədə qalmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, istər müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi üçün müraciətlərin həm də elektron qaydada qəbul edildiyi bildirilib. Ümumilikdə, DMX tərəfindən 11 elektron xidmətin təqdim olunduğu barədə  məlumat maraqla qarşılanıb. Həmçinin, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi prosedurları izah olunub.

Görüşdə bildirilib ki, ölkəmiz  BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub və DMX Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görməkdədir. Belə ki, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış bu kateqoriyadan olan şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində mütəmadi tədbirlər görülür. Bu istiqamətdə əldə olunan nəticələr konkret faktlarla iştirakçıların diqqətinə çatdırılıb.

Sonra Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlərin səmərəli nəticələrindən bəhs olunub. Bunun nümunəsi kimi cari ilin beş ayı ərzində Azərbaycan Respublikası ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşrutu üzrə miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstənin ifşa edilərək zərərsizləşdirildiyi qeyd olunub. Həmçinin, ölkəmizin ərazisində qanunsuz yaşayan şəxslərin aşkarlanaraq leqallaşdırılması istiqamətində də kifayət qədər işlər görüldüyü bildirilib.

Xidmətin digər əməkdaşı tədbir iştirakçılarını miqrasiya qanunvericiliyində baş vermiş son dəyişikliklərlə tanış edib. Bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsindəki yenilikləri izah edib.

Tədbirin sonunda suallar cavablandırılıb.

İştirakçılar bu cür görüşlərin təşkilindən razı qaldıqlarını və ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur