Dövlət Miqrasiya Xidmətində mehmanxana nümayəndələri ilə görüş keçirilib
Bakı şəhərində fəaliyyət göstərən mehmanxana nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində 10 gündən artıq qalmaq istədikləri halda Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan 10 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Bildirilib ki, qanunvericiliyə görə əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf - mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini DMX-nın internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq ərazi üzrə regional miqrasiya idarəsinə təqdim etməlidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada müraciət edə bilərlər.
Diqqətə çatdırılıb ki, Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində müraciət edənlərə rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər görülür, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinə geniş yer verilir. Belə tədbirlərin uğurlu nəticələrinin nümunəsi olaraq 11 xidmət üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edilir. Bu xidmətlərdən biri də olduğu yer üzrə elektron qeydiyyatın həyata keçirilməsidir. Bunun üçün müraciət edən Xidmətin www.migration.gov.az saytında “Elektron xidmətlər” bölməsinə daxil olmaqla olduğu yer üzrə qeydiyyat pəncərəsində fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçib əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydə alınmasını təmin etməlidir.
Sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron qaydada olduğu yer üzrə qeydiyyatı prosedurları vizual olaraq ətraflı izah olunub.
Görüşdə bir fikir xüsusi vurğulanıb ki, xarici qonaqların, əsasən də turistlərin qalmaq üçün seçdiyi mehmanxanaların müdriyyəti qanunvericiliklə müəyyən olunmuş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə daha da məsuliyyətlə yanaşmalıdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.