newsPhoto

  Dövlət Miqrasiya Xidməti İnsan Hüquqları Günü münasibətilə növbəti tədbirlər keçirib  

 

18 iyun - İnsan Hüquqları Günü münasibəti ilə mayın 18-dən iyunun 18-dək davam edən insan hüquqları aylığı çərçivəsində Dövlət Miqrasiya Xidməti rəisinin təsdiq etdiyi “Tədbirlər planı”na əsasən regional miqrasiya idarələrinin əhatə etdiyi rayonlarda insan hüquq və azadlıqlarından bəhs edən mövzularda növbəti tədbirlər keçirilib.

Yevlax regional miqrasiya idarəsinin Yevlax Dövlət Dram Teatrının binasında “Miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırılmasının qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyəti” mövzusunda rayon ictimaiyyətinin nümayəndələrinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə təşkil etdiyi tədbirdə  respublikamızda insan hüquqlarının qorunmasına göstərilən diqqətdən söhbət açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların davam etdirildiyinə diqqət çəkilib. Həmçinin, miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılmış addımlara toxunulub. Dövlət Miqrasiya Xidmətinin qanunvericiliyin təbliği, ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi üçün keçirdiyi silsilə tədbirlərin səmərəli nəticələri qeyd olunub.

Ölkəmizdə qanunsuz yaşayan şəxslərin aşkarlanması, onların sənədləşdirilməsinin təşkili ilə bağlı əsaslı işlər görüldüyü qeyd olunub. Çıxışlarda vurğulanıb ki, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görməkdədir. Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində tədbirlərin davam etdirildiyi bildirilib.

Diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda rahat və qanuni əsaslarla yaşamaları üçün miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırılması işini bundan sonra da davam etdirəcək.

Lənkəran regional miqrasiya idarəsinin “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” mövzusunda Lənkəran şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində təşkil etdiyi tədbirdə də rayon ictimaiyyətinin nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.  

Görüşdə insan hüquqlarının mahiyyəti, beynəlxalq və ölkədaxili standartlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsas götürülməklə lazımi tədbirlər müvəffəqiyyətlə həyata keçirilir. Bildirilib ki, tarixən multikultural və insan hüquqlarına hörmətlə yanaşan ölkəmizdə yaşayan bütün xalqların bir-birinə münasibətdə dözümlülük və hüquq bərabərliyi dövlət siyasətinin əsasına çevrilib. İrqindən, dilindən, dinindən asılı olmayaraq hər kəsin adət-ənənəsinə, inancına, mədəniyyətinə hörmətlə yanaşmağın multikulturalizmin əsas mahiyyəti olduğu, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyi vurğulanıb.

Tədbirlərdə Dövlət Miqrasiya Xidmətinın səlahiyyətli əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur