newsPhoto

Dövlət Miqrasiya Xidməti Naftalanda  maarifləndirmə tədbiri keçirib

Naftalan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində ictimaiyyətin, yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri, otel və sanatoryaların əməkdaşları,  təhsil işçiləri və sahibkarların iştirakı ilə keçirilən tədbirdə qanuni miqrasiyanın ölkənin iqtisadi və mədəni həyatında roluna dair məruzə təqdim olunub. Bildirilib ki, miqrasiya və miqrantlar mövzusu müasir dünyanın geniş müzakirələrə səbəb olan ən aktual mövzularındandır. Məlum olduğu kimi miqrant - daimi və ya məqsədindən asılı olaraq müvəqqəti yaşamaq üçün ölkə daxilində və ya bir ölkədən digər ölkəyə miqrasiya edən şəxsdir. Miqrantlar iki kateqoryaya ayrılır: miqrasiya etdiyi təyinat ölkəsinin qanunvericiliyinə uyğun olaraq həmin ölkəyə gəlmə və ölkədən getmə, orda olma, yaşama və bundan irəli gələn digər qaydalara əməl edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər qanuni miqrantlardır;  eyni zamanda sadalanan tələblərdən ən azı birinə əməl etməyənlər isə qanunsuz miqrantlardır.

Dövlət Miqrasiya Xidmətinin yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə görülən işlər, ölkə ərazisində sənədsiz və qanunsuz yaşayan şəxslərin leqallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş söhbət açılıb. Qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən bəhs olunub və mübarizənin aparılmasında ictimaiyyətin rolu qeyd olunub.

Miqrasiya Məcəlləsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Konstitusiyamızın, qanunların və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər.

DMX-nin əməkdaşları miqrasiya sahəsində hüquq normalarının praktikada tətbiqindən danışıb, qanunvericilikdə edilən son dəyişiklikləri şərh ediblər.

Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq, işləmək, təhsil almaq hüquqlarını həyata keçirmələri üçün göstərilən xidmətlərin səviyyəsi ildən-ilə artırılır. Belə ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı DMX tərəfindən göstərilən xidmətlər - istər olduğu yer üzrə qeydiyyat, istər müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi və müddətlərin uzadılması ilə bağlı prosedurların sadələşdirildiyi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görüldüyü də konkret faktlarla diqqətə çatdırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur