newsPhoto

28 May Respublika Günü Dövlət Miqrasiya Xidmətində qeyd olunub  

28 May Respublika Günü münasibətilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib. Dövlət himninin ifası ilə başlayan tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ölkəmizin dövlət müstəqilliyinin tarixindən danışıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət nəticəsində Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil ölkəmizin istiqlaliyyətinin möhkəmlənməsindən, qazanılan uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan söz açıb.

Cümhuriyyətin yaranmasının 98-ci ildönümünün müstəqil ölkəmizin sürətli inkişafa nail olduğu, dünyanın Azərbaycan dövlətinə güvəndiyi bir dövrdə, respublikamızın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirildiyi tarixi bir mərhələdə qeyd edildiyini iftixar hissi ilə vurğulayıb. Buna misal kimi Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumunu, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsini qeyd edib. Bunlarla yanaşı paytaxtımızın möhtəşəm Formula 1 Avropa Qran Pri yarışlarına, Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə yüksək səviyyədə hazırlaşdığına diqqət çəkib.

Bütün bu qlobal miqyaslı tədbirlərlə bağlı Azərbaycana səfər edən xarici qonaqların sayının artdığına və  Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin də çoxaldığına toxunub. Dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunmuş Xidmətin ölkəmizə təşrif buyuran əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə yüksək keyfiyyətlə, operativ xidmət göstərməsi üçün hər cür şərait yaradıldığını bildirib.

Tədbir sənədli filmin nümayişi ilə başa çatıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur