newsPhoto

Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini davam etdirir  

Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatalada əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayədələrinin iştirakı ilə rayon mədəniyyət evində əvvəlcə geniş maarifləndirmə tədbiri keçirilib. Maarifləndirmə tədbirində Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində  Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizə təşrif buyuran əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi üçün görülmüş çoxşaxəli işlər barədə danışılıb. Dünyada baş verən miqrasiya proseslərinə, Avropada yaşanan miqrant böhranına toxunulub, ölkəmizdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əldə edilən uğurlardan bəhs edilib, miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparılıb.  Xidmət əməkdaşı ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində atılan addımların səmərəli nəticələrini qeyd edib. Yerli icra orqanlarından belə şəxslərin aşkarlandığı halda sənədləşdirilməsi üçün Xidmətə müraciət etmələrinə köməklik göstərilməsi xahiş olunub. Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli  84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” ilə bağlı izahedici söhbət aparılıb. Çıxışlarda xüsusən məktəblilər arasında əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin qanuna müvafiq olaraq müvəqqəti yaşamaq üçün icazə vəsiqələri almaları, yaxud həmin şagirdlərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət etmələrinin zəruriliyi vurğulanıb.

Maarifləndirmə tədbirindən sonra səyyar xidmət təşkil edilib. Keçirilmiş tədbirdə  iştirak edən 360 nəfərdən  319 şəxs səyyar xidmətin imkanlarından istifadə edib. Onlardan 220 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, 2 nəfərindən  Azərbaycan Respublikasının  vətəndaşlığına qəbul, əcnəbi və ya vətəndaşlığı olmayan 2 nəfərdən müvəqqəti  yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib. Həmçinin  3 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 27 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 65 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

İştirakçılar adından Zülfiyyə Əlixanova və Habil Qurbanov  minnətdarlıqlarını bildiriblər.

Şəkidə isə regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazasının 50-dən çox nümayəndəsinin iştirakı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatlarının aparılmasına həsr olunmuş tədbir keçirilib. Bildirilib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) elektron xidmətlər vasitəsi ilə və ya şəxsən regional miqrasiya idarələrinə təqdim etməlidir.

Sonra  əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin elektron qaydada olduğu yer üzrə qeydiyyatları ilə bağlı izahlı video təlimat nümayiş olunub.

Görüşlərdə həmçinin, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apelyasiya Şurasının fəaliiyəti barədə məlumat verilib.

Eyni zamanda  bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub. 

Sonda suallar cavablandırılıb.

İştirakçılar bu cür tədbirlərin təşkilindən razı qaldıqlarını bildiriblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur