Dövlət Miqrasiya Xidmətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə Dövlət Miqrasiya Xidmət rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı çıxış edib. Onun müstəsna şəxsi keyfiyyətlərindən söz açıb, tarixi şəxsiyyət kimi xidmətlərindən bəhs edib. Böyük şəxsiyyət Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu deyib, siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz sahibi olan Ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığına diqqət çəkilib.
Bildirilib ki, Ulu öndər Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyub, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün ciddi islahatlar aparıb. Onun yorulmaz fəaliyyəti nəticəsində çox qısa zamanda Azərbaycan iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, ölkəmizin beynəlxalq birliyin nüfuzlu və güclü bir üzvü olaraq mövqelərinin möhkəmləndiyi qeyd edilib.
Dahi liderin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, zəngin siyasi irsindən, idarəçilik təcrübəsindən söz açılan tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov müasir, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında danışıb, onun ideyalarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla apardığını vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev ideyaları müasir Azərbaycanın uğurlu inkişaf siyasətinin təməlidir.
Tədbirdə Ümummilli liderin milli mənəvi və ümumbəşəri dəyərlərin, milli dövlətçiliyimizin qorunub saxlanılması yolunda atdığı tarixi addımlar faktlarla iştirakçıların nəzərinə çatdırılıb.
Mərasim Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.