newsPhoto

  BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə Dövlət Miqrasiya Xidmətində görüş olub  

 

İyunun 6-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdsonla görüşüb.

Xidmət rəisi Daq Siqurdsonun ölkəmizdəki uğurlu fəaliyyətini qeyd edib, Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasındakı əməkdaşlığın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.  

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə BMT QAK-la əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib. “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistem­lə­rinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsi çərçivəsində də BMT QAK-la əməkdaşlığın uğurlu nəticələri qeyd olunub. Qaçqın statusunun müəyyənləşdirilməsi, onların hüquqlarının müdafiəsi barədə ətraflı məlumat verən Xidmət rəisi ölkəmizdə miqrasiya sahəsində qanunvericilik və icra mexanizmlərinin inkişaf etdirildiyini vurğulayıb. 

Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun  əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulduğuna diqqət çəkən F.Nəbiyev respublikamızda vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə görülən işlərə toxunub.

F.Nəbiyev bildirib ki, “Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb.  Bu kateqoriyadan olan insanlar üçün respublikanın şəhər və rayonlarında bütün sosial-texniki infrastruktura malik 94, o cümlədən son 12 ildə 89 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 250 min məcburi köçkün yeni evlərə köçürülüb. Bütün bunlar da BMT QAK tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilib”. 

Daq Siqurdson DMX-nin Azərbaycanda milli sığınacaq sisteminin təkmilləşdirilməsi, vətəndaşıszlıq hallarının aradan qaldırılması istiqamətində atdığı addımları yüksək qiymətləndirib. Qonaq DMX və onun timsalında Azərbaycanın qaçqınlara münasibətdə tətbiq etdiyi yanaşmanın digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib. Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb və Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur