Dövlət Miqrasiya Xidməti və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu biznes forum təşkil edib
Mayın 4-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevin iştirakı ilə biznes forum təşkil edib. Biznes forumda Azərbaycanın miqrasiya siyasətinin başlıca aspektləri müzakirə olunub.
Tədbirdə çıxış edən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, DMX biznes sektoru ilə dialoq qurur, sahibkarları narahat edən məqamları təhlil edir, bu məsələləri hökumət qarşısında qaldırır və zərurət yarandığı halda qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər verir.
F.Nəbiyev qeyd edib ki, DMX-nin fəaliyyət göstərdiyi qısa müddətdə qurumun fəaliyyətini tənzimləyən xeyli qanunvericilik aktı qəbul olunub. Biznes sektorunu maraqlandıran bir çox məsələlər 2013-cü ildə Milli Məclis tərəfindən qəbul olunmuş Miqrasiya Məcəlləsində əksini tapıb. Bununla yanaşı, biz bu gün də qanunvericiliyin dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində təkliflərlə çıxış edirik.
Xidmət rəisi deyib ki, DMX özəl və biznes sektora diqqət və qayğı göstərir, onun problemləri ilə maraqlanır, təhlil edir və müvafiq həll yollarını tapır. “Bu gün iqtisadi inkişaf və sabitlik sayəsində Azərbaycanda miqrantların sayı artır, ölkəyə investisiya qoyan iş adamlarının sayı çoxalır. Bundan başqa, 1990-cı illərdə ölkəni tərk etmiş vətəndaşlarımız geri qayıdırlar”, - deyə DMX-nin rəisi bildirib.
F.Nəbiyev, həmçinin əmək miqrasiyası kvotası ilə bağlı məsələyə də toxunub. Diqqətə çatdırıb ki, işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyənləşdirmək məqsədilə onlar DMX-yə növbəti il üçün məşğulluq təsnifatı üzrə peşələr göstərilməklə bu tələbat haqqında məlumat təqdim etməlidirlər. Bununla əlaqədar Xidmət rəisi şirkətləri 2016-cı il mayın 15-dək təkliflərini təqdim etməyə çağırıb və onların bu təkliflərinə baxılacağını deyib.
“Əcnəbi vətəndaşların ölkəmizə gəlişi sevindirici hal olsa da, əmək bazarını nizamlamaq lazımdır. İlk növbədə yerli mütəxəssislər işlə təmin olunmalıdırlar”, - deyə F.Nəbiyev vurğulayıb. O, həmçinin özəl sektorda struktur məsələlərinə də toxunub və bu məqamın tezliklə qanunvericilikdə həllini tapacağını deyib.
Xidmət rəisi qeyd edib ki, miqrasiya ilə bağlı problemlər bütün ölkələrdə mövcuddur və onları həll etmək lazımdır. Avropa İttifaqı hazırda miqrasiya böhranı yaşamaqdadır. Ancaq 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunduğu üçün ölkəmizdə əcnəbi vətəndaşlarla münasibətdə heç bir məhdudiyyətlər mövcud deyil.
DMX rəisi diqqətə çatdırıb ki, İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərə əsasən, işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan üçədək əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilirlər. Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə vəzifəli şəxslər beş min manatdan yeddi min manata, hüquqi şəxslər isə otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə olunurlar.
Məlumat verilib ki, DMX tərəfindən iki ay ərzində Banqladeş və Pakistan vətəndaşlarını Azərbaycandan İran və Avropa İttifaqı ölkələrinə keçirməyə cəhd edən üç mütəşəkkil qrup aşkarlanaraq müvafiq tədbirlər görülüb.
Xidmət rəisi deyib ki, DMX-nin hazırda 11 elektron xidməti istifadəyə verilib. Müraciətlərin elektron formada qəbulu həyata keçirilir. Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə biz miqrantı ölkəyə gəldiyi andan çıxanadək nəzarətdə saxlaya bilirik. Bununla yanaşı, DMX “ASAN xidmət” mərkəzlərində də bir sıra xidmətləri həyata keçirir.
Görüşdə biznes forum iştirakçılarının müvafiq mövzu ilə bağlı təklifləri, eləcə də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzv şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub. Biznes forum çərçivəsində şirkətlər Azərbaycanın miqrasiya siyasəti ilə bağlı onları maraqlandıran suallara cavab tapıblar. Həmçinin biznes sektoru ilə DMX arasında fəal dialoqun davam etdirilməsi üçün təkliflər irəli sürülüb.
Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev görüşə, o cümlədən tədbir zamanı klubun üzvləri tərəfindən səsləndirilən təkliflərə göstərilən diqqətə görə Firudin Nəbiyevə minnətdarlığını bildirib. T.Əliyev Klubun 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını və onun sədrinin Prezident İlham Əliyev olduğunu vurğulayıb. Bildirib ki, təsis olunduğu ilk gündən Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən Klub dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Tədbirdə Firudin Nəbiyevə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvlük sertifikatı təqdim olunub.
Biznes forumda şirkət rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.