Dövlət Miqrasiya Xidmətində görüş
İyulun 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados ilə görüşüb.
Qonağı salamlayan Xidmət rəisi BMqT ilə mövcud əməkdaşlığın səviyyəsindən razılıq ifadə edib, əməkdaşlığın bariz nümunəsi kimi təşkilatın baş direktoru Uilyam Leysi Svinqin ötən ilin sentyabr ayında ölkəmizə baş tutan səfərini göstərib. Firudin Nəbiyev baş direktorun səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidenti ilə görüşü zamanı Azərbaycanda miqrasiya idarəçiliyi ilə bağlı səsləndirdiyi müsbət fikirləri məmnunluqla xatırlayıb. O, bu səfərin iki qurum arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaratdığını vurğulayıb.
Hazırki dövrdə dünyada baş verən miqrasiya proseslərinin mürəkkəbliyinə diqqəti çəkən Xidmət rəisi münaqişələr nəticəsində öz vətənlərini məcburi olaraq tərk edənlərin sayının sürətlə artmasının narahatlıq doğurduğunu bildirib. Azərbaycanın da bu proseslərə yad olmadığı diqqətə çatdırılıb, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox soydaşımızın öz yurd-yuvalarından qovulduğu vurğulanıb. BMqT-nin böhranlar zamanı dövlətlərə göstərdiyi dəstəyin önəmli olduğunu bildirən Firudin Nəbiyev belə vəziyyətlərin öncədən qarşısının alınması istiqamətində təşkilat tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirib və BMqT tərəfindən Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə Potensialların Gücləndirilməsi” layihəsini xüsusi qeyd edib. Dövlət Miqrasiya Xidmətinin miqrasiya proseslərinə nəzarət edən vahid qurum kimi həm ölkəmizdə olan əcnəbilərin, həm də xarici ölkələrdə yaşayan və ya ölkəmizə geri qayıdan vətəndaşlarımızın hüquqlarının müdafiəsi sahəsində daima öz fəaliyyətini təkmilləşdirdiyini diqqətə çatdırıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə həyata keçirilməsi planlaşdırılan Könüllü Qayıdışa Yardım üzrə Pilot layihənin önəmi qeyd olunub, yaxın zamanlarda onun icrası məqsədilə əməkdaşlıq müqaviləsinin imzalanacağına inam ifadə edilib.
Ətraflı məlumata və BMqT-nin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Firudin Nəbiyevə təşəkkürünü bildirən qonaq səfərinin məhsuldar keçdiyini, bir sıra dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirdiyini, İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər etdiyini diqqətə çatdırıb.