newsPhoto

Saatlıda maarifləndirmə tədbiri keçirilib  

Dövlət Miqrasiya Xidməti miqrasiya qanunvericiliyinin təbliği, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə ictimaiyyətin məlumatlandırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu halları yaradan səbəblərə qarşı mübarizə aparılması, həmçinin etibarsız sənədlərlə, eləcə də sənədsiz və yaxud qeydiyyatsız yaşayan şəxslərin ölkə ərazisində yaşamalarının leqallaşdırılması məqsədilə Saatlıda maarifləndirmə tədbiri keçirib.

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli Fərmanına əsasən təmin edilib. Bildirilib ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş vəzifələrin vaxtında və layiqli yerinə yetirilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları ilə birlikdə çoxsaylı görüşlər təşkil olunub, izahedici söhbətlər aparılıb və sənədsiz yaşayan şəxslərin sənədləşdirilməsi istiqamətində müvafiq işlər sürətləndirilib.

Tədbirdə o da vurğulanıb ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidmətində, Xidmətin regional miqrasiya idarələrində və ya ASAN Xidmət mərkəzlərində qəbul edilir və sənədlərin dövriyyəsi elektron qaydada həyata keçirilir.

Ölkədə vətəndaşsızlıq hallarının qarşısının alınması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən geniş maarifləndirmə tədbirləri görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Görüşdə əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, daxili əmək bazarının qorunması, əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması və xarici işçi qüvvəsindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq  DMX tərəfindən görülən tədbirlərə toxunulub.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur