newsPhoto

  Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qəbələdə maarifləndirmə tədbiri keçirilib  

 

Dövlət Miqrasiya Xidməti Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qəbələdə vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, vətəndaşların, aidiyyəti dövlət qurumlarının, işəgötürənlərin, sahibkarların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Maarifləndirmə tədbirində ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən dövlət siyasəti, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı məsələlər barədə geniş məlumat verilib. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidmətinin  fəaliyyət istiqmətlərindən söhbət açılıb. Bildirilib ki, Azərbaycan Prezidentinin 6 mart 2008-ci il tarixli fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin  vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin dövrdən etibarən Xidmət Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, ölkə vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlayıb. Bundan əlavə Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması, vətəndaşlığı olmayan şəxslərin aşkarlanması, sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülür və səmərəli nəticələr əldə olunmaqdadır. Tədbirdə ikili vətəndaşlıqla bağlı məsələyə toxunulub. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Qeyd olunanlar 01 iyul 2014-cü il tarixdən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan Respublikasının vətəndaşına şamil edilir.

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə yazılı məlumat verməlidir. Bu barədə ərizə-anketin nümunəsi www.migration.gov.az - Xidmətin rəsmi internet səhifəsində yerləşdirilib.

Bu haqda məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır və həmin vətəndaşları 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəza gözləyir.

O da diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”  Qanunun 18-cİ maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

Tədbirdə qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması xidmətləri Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində də təqdim edilir.

Görüşdə həmçinin, qanunsuz miqrasiya hallarının aradan qaldırılması ilə bağlı DMX tərəfindən görülən işlər haqqında da ətraflı danışılıb.

Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazəsi olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparıldığı, bunun da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verdiyi bildirilib. 

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apelyasiya Şurasının fəaliiyəti barədə də məlumat verilib.

Bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri iştirakçılara izah olunub.

Sonda suallar cavablandırılıb.

İştirakçılar tədbirin təşkilinə görə minnətdarlıq ediblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur