newsPhoto

Dövlət Miqrasiya Xidmətində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib

 

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyevin mart soyqırımı haqqında məruzəsi dinlənilib. O, zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətindən söz açıb. Qeyd edib ki, Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

 

V.Nağıyev bildirib ki, 1918-1920-ci illərdə ermənilər Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda azərbaycanlılara kütləvi şəkildə divan tutub, şəhər və kəndləri yandırıb, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürüblər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilib, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilib.  On minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, əhali öz doğma torpaqlarından didərgin salınıb.

 

Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla ermənilər tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu Fərman XX əsrdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

Daha sonra mart soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur