Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü qeyd olunub
Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 9 il ötür.
Bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və miqrasiya orqanlarının bir qrup əməkdaşı Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyulub.
Qurumun aparatında Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümünə, miqrasiya orqanları işçilərinin peşə bayramına və uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanan milli varlığımızı, qədim adət-ənənələrimizi, ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən Novruz bayramına həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə əvvəlcə Dövlət himni səsləndirilib.
Dövlət Miqrasiya Xidmətinin 9 il ərzində keçdiyi xidmət yolu barədə Xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin məruzəsi dinlənilib. Xidmət rəisi bildirib ki, bu gün hər birimiz doğma Azərbaycanımızın sürətli və hərtərəfli inkişafının şahidiyik. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir. Son illər respublikamızda bütün sahələrdə böyük nailiyyətlər əldə olunur. Yeni müəssisələr yaradılır, iş yerləri açılır, inkişaf edən infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində fundamental addımlar atılır. Hər bir vətəndaşın maddi rifahının yaxşılaşdırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi inkişafın əsas meyarlarından olan azad rəqabətə geniş imkanlar açır. Tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alır. Bir sözlə uğurlar iqtisadi, siyasi, sosial, eləcə də enerji layihələri və digər sahələri əhatə edir. Həmçinin, ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib.
Xidmət rəisi qeyd edib ki, bu gün dünyada daha çox miqrant böhranından danışılır. Xarici müdaxilədən əziyyət çəkən, xüsusən Yaxın Şərqdən insanlar özlərinin, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün, qaçqın vəziyyətinə düşmüşlər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşır, böyük təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Təəssüf ki, həmin insanlara münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Orada onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.
Məlum olduğu kimi Azərbaycan da 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdir. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən-yurdundan didərgin düşmüşdür. Azərbaycan o böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçmüşdür.
F. Nəbiyev bütün sahələrdə olduğu kimi, miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi məsələsində də zamanı qabaqlayan Prezident İlham Əliyev tərəfindən hələ 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası" qəbul etməsinin, bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 25 iyul 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tarixi əhəmiyyətini vurğulayıb. Belə ki, Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzaladı.
Məlum olduğu kimi 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipinin tətbiq edilməsinə başlanılıb və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.
Xidmət rəisi deyib ki, Prezident İlham Əliyev bu qurumun qarşısında bir sıra vəzifələr qoyub. Bu vəzifələrdən biri də odur ki, “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”. Bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradılmasına imkan verir.
Yarandığı gündən Dövlət Miqrasiya Xidmətinin əsas qayəsi işdə qanunların aliliyinə ehtiram, Vətənə sədaqət, hər bir insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir.
F.Nəbiyev minnətdarlıqla qeyd edib ki, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı heç vaxt Prezident İlham Əliyevin diqqətindən kənarda qalmayıb. Belə ki, hələ cənab Prezidenti 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunur. Bundan əlavə peşə bayramı ərəfəsində bir qrup miqrasiya qulluqçusu Prezident İlham Əliyev tərəfindən təltif olunublar. Bu sərəncamlar ali diqqət və qayğının əyani təzahürüdür ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Prezident İlham Əliyevin ali diqqət və qayğısına öz peşəkar xidmətləri ilə cavab verirlər. Xatırladaq ki, Dövlət Miqrasiya Xidmətinin yaradılmasının növbəti ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən imzalanmış müvafiq sərəncamlarla miqrasiya qulluqçularından 1 nəfərinə “III dərəcəli dövlət miqrasiya xidməti müşaviri” ali xüsusi rütbəsi verilib, 8 əməkdaş "Miqrasiya qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.
Xidmət rəisi deyib ki, bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarəolunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur. Ötən il ölkəmizə səfər etmiş Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq Azərbaycan Respublikası Prezidentinin qəbulunda olarkən söyləmişdir ki, “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.
DMX-nin bir xidmət sahəsi kimi beynəlxalq standartalara malik olduğunu deyən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xidmətdə şəffaflığın təmin edilməsi işindən söhbət açıb. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yaradıldığını, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyətini qeyd edib.
F.Nəbiyev Dövlət Miqrasiya Xidməti kollektivinin bu günkü firəvan həyatımızın təmin olunmasında müstəsna xidmətləri olmuş Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq olduğunu, dövlətçiliyimizin, milli mənafelərimizin, iqtisadi təhlükəsizliyimizin qorunmasında səylə çalışdığını xüsusi qeyd edib.
Xidmət rəisi əminlik ifadə edib ki, ötən il I Avropa Oyunlarında olduğu kimi bu il də ölkəmizdə keçiriləcək bir sıra beynəlxalq tədbirlərlə bağlı miqrasiya orqanları əməkdaşları öz missiyalarını layiqincə yerinə yetirməyə hazırdır.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümü və peşə bayramı münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi sərəncamlar, həmçinin, xidmət rəisinin imzaladıqları əmrlər elan olunub.
Xidmətdə fərqlənmiş əməkdaşlardan 54-ü fəxri fərman, 1-i “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalı ilə təltif olunub. 23 miqrasiya qulluqçusuna növbəti, növbədənkənar və vaxtından əvvəl xüsusi rütbələr verilib. 74 əməkdaşa təşəkkür elan olunub.
Sonda təltiflər əməkdaşlara təqdim edilib.