newsPhoto

Dövlət Miqrasiya Xidməti Ağsu, Zaqatala və Gəncədə maarifləndirmə tədbirləri keçirib

Maarifləndirmə tədbirlərində dünyada baş verən miqrasiya proseslərinə, Avropada yaşanan miqrant böhranına toxunulub, ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı görülmüş işlər barədə danışılıb, miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparılıb. 

Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin inzibati binasının iclas zalında əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xidmətin aparatının və regional miqrasiya idarəsinin məsul əməkdaşları çıxış ediblər. Bildirilib ki, bu gün Avropada yaşanan miqrant böhranı göstərdi ki, miqrasiya siyasəti düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməlidir. Çünki, miqrasiya siyasəti ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir. Bu məqamları yüksək qiymətləndirərək 9 il əvvəl miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalayan Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Xidmət və 8 regional miqrasiya idarəsi tam gücü ilə fəaliyyət göstərir. Görülən işlərin nəticəsidir ki, 2015-ci il sentyabrında respublikamıza səfəri zamanı BMqT-nın baş direktoru Uilyam Leysi Svinq Prezident İlham Əliyevin qəbulunda olarkən ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən işləri miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə adlandırıb. 

Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatala rayonunda keçirilmiş tədbirdə hələ ötən əsrin 80-ci illlərinin sonlarından Ermənistanın Azərbaycana təcavüzü nəticəsində kütləvi miqrant axını ilə üzləşən ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkünün məşğulluq, təhsil, sоsial, mənzil-məişət kimi ciddi prоblеmlərinin öhədəsindən gəldiyi vurğulanıb. Dünya birliyinin təcavüzə son qoyulması üçün əməli işə keçməməsinin, ikilistandartların insanların yurd-yuvasından didərgin düşməsinə, məcburi miqranta çevrilməsinə səbəb olması təəssüflə qeyd edilib.

Tədbirdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti barədə də məlumat verilib. Ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaradılmış şəraitdən söhbət açılıb. Bildirilib ki, Bakı şəhərində və Yevlaxda  müasir standartlara cavab verən Qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyət göstərir.

Gəncə regional miqrasiya idarəsi əməkdaşlarının Azərbaycan Dövlət Aqrar Universitetində keçirdiy görüşdə isə miqrasiya sahəsidə qanunvericilikdəki yeniliklərdən danışılıb. Vətəndaşlığı olmayan şəxslərlə bağlı münasibətləri tənzimləyən milli qanunvericiliyin bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması, ümumiyyətlə vətəndaşsızlıq hallarının aradan qaldırılmısı istiqamətində Xidmətin görüdüyü işlər, regionlarda keçirilən çoxsaylı görüşlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, əvvəllər işəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri haqqı ödənilən əmək fəaliyyətinə cəlb edərkən iş icazəsinin verilməsinə görə dövlət rüsumunun məbləği müddətdən asılı olmayaraq 1000 manat olduğu halda, dəyişikliyə əsasən 3 ay, 6 ay və 1 il müddətinə verilən iş icazələrinə görə müvafiq olaraq 350, 600 və 1000 manat məbləğində dövlət rüsumu ödənilir. Həmçinin, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşama icazələrinin verilməsi və müddətinin uzadılması, eləcə də müvəqqəti olma müddətinin uzadılması üçün dövlət rüsumları 50% azaldılıb. Görüşdə həmçinin bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub.

Sonda suallar cavablandırılıb.

İştirakçılar maarifləndirmə işinin təşkilindən razı qaldıqlarını bildiriblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur