Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Dövlət Rəssamlıq Akademiyasının tələbələri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü ərəfəsində respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri ilə keçirilən görüşdə Xidmətin məsul əməkdaşı qloballaşan dünyada miqrasiya prosseləri ilə bağlı fikirlərini bölüşüb. Xarici müdaxilə nəticəsində Yaxın Şərq ölkələrində insanların məcburi miqranta çevrildiklərinə və pənah apardıqları Avropada üzləşdikləri problemlərə, qoca qitədə mövcud miqrant böhranına toxunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə sabitliyin tam təmin edildiyi, tolerant, multikultral dəyərlərin hakim olduğu Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait barədə məlumat verib. Milli miqrasiya qanunvericiliyinin mütərəqqiliyi konkret faktlarla təqdim olunub. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyinin artırılması istiqamətində tədbirlər daha da genişləndirilib. Diqqətə çatdırılıb ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma Miqrasiya Məcəlləsinin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi alınması tələb olunmur. Ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün dövlət rüsumunun yetkinlik yaşına çatmış şəxslər üçün təyin olunmuş məbləğin 50 faizi miqdarında, o cümlədən respublikamızın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan tələbələr üçün 1 illik müddətə 40 manat müəyyənləşdirilməsi Azərbaycan dövlətinin humanist mahiyyətinin konkret nümunəsi kimi dəyərləndirilib.
Görüşdə vurğulanıb ki, ölkəmizdə daimi yaşamaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinin, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılması ilə əlaqədar müddəalar ölkəmiz üçün yeni olsa da, əcnəbilərin cəmiyyətimizə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır.
Sonda suallar cavablandırılıb