Dövlət Miqrasiya Xidməti tərəfindən Qubada maarifləndirmə tədbiri keçirilib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümü ilə bağlı təsdiq olunmuş tədbirlər planına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında müəllim, professor heyəti və tələbələrlə görüş keçirilib. Miqrasiya sahəsindəki yeniliklərlə, qanunvericilikdəki dəyişikliklərlə bağlı maarifləndirmə xarakterli tədbirdə Xaçmaz regional miqrasiya idarəsinin və Xidmətin aparatının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Əvvəlcə “Avropanın miqrant problemi qarşısında acizliyi fonunda miqrasiya sahəsində idarəetmənin mütərəqqi Azərbaycan modeli” mövzusunda məruzə təqdim olunub. Qeyd olunub ki, bu gün dünyada daha çox miqrant böhranından danışılır. Xarici müdaxilədən əziyyət çəkən, xüsusən Yaxın Şərqdən insanlar özlərinin, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün, qaçqın vəziyyətinə düşüblər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşıb, böyük təhlükələrlə üzləşib Avropaya üz tuturlar. Təəssüf ki, həmin insanlar münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Çünki, bir çox Avropa ölkələri multikultiralizm prinsiplərindən imtina ediblər. Buna səbəb kimi mürəkkəb kulturoloji vəziyyət göstərilir. Belə bir dönəmdə 2016-cı ilin Azərbaycanda multikultiralizm ili elan edilməsi dövlətimizin nə qədər tolerant, dözümlülük prinsipləri əsasında idarə edildiyini bir daha sübut edir.
Azərbaycanda isə miqrantların rahatlıqlarını təmin etmək üçün Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri və əldə olunmuş nəticələr diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycana təşrif buyuran əcnəbilərin ölkədə ilk müraciət etdiyi qurumlardan biri məhz Dövlət Miqrasiya Xidmətidir. Ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması eləcə də vətəndaşlıq məsələlərinin həlli ilə məşğul olan hüquq-mühafizə orqanı statusunu daşıyan Xidmət həm də miqrasia qanunvericiliyinin tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasını, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbirlərini həyata keçirir.
Görüşdə respublikamızda vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində atılan əhəmiyyətli addımlara, regionlarda keçirilmiş çoxsaylı tədbirlərin konkret nəticələrinə toxunulub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin vaxtdan indiyədək Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 1434 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib. Bununla belə, bu müddət ərzində 36 min 467 şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.
Eyni zamanda o da vurğulanıb ki, Azərbaycan Prezidenti vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu və bu qanunun tətbiqi barədə 12 noyabr tarixli Fərmanı xüsusi qeyd etməliyik.
Tədbirdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə, Dövlət Miqrasiya Xidməti rəisinin əmri ilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti barədə də məlumat verilib.
Həmçinin, bu il martın 1-dən qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsindəki yeniliklər haqqında da izahedici söhbət aparılıb, suallar cavablandırılıb.
İştirakçılar görüşə görə minnətdarlıqlarını bildiriblər.