2 fevral Gənclər günü Dövlət Miqrasiya Xidmətində qeyd olunub
Tədbir iştirakçıları əvvəlcə Xidmət əməkdaşlarının əl işlərindən ibarət sərgiyə baxıblar.
Bu gün daha qətiyyətlə həyata keçirilən və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Bu fikirlər Dövlət Miqrasiya Xidmətində 2 fevral Gənclər günü münasibətilə keçirilən tədbirdə səslənib.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev qeyd edib ki, 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu ümummilli lider Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Tədbirdə bu gün ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan barədə danışılıb. Bildirilib ki, gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur.
Azərbaycan gəncliyinin müvəffəqiyyətlərinin geniş təhlil olunduğu tədbirdə qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin dünyadakı maraqlarını layiqincə təmsil edir.
O da vurğulanıb ki, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində gənclərin fəallığı daha da artırılır, onların Azərbaycanın dövlət idarəetmə strukturlarına cəlb edilməsi işi daha da genişlənir. Dövlət Miqrasiya Xidməti əməkdaşlarının 80 faizini gənclərin təşkil etməsi də sevindirici hal kim xüsusi qeyd olunub.
Sonra xidməti fəaliyyətində fərqlənən bir qrup gənc əməkdaş təltif edilib.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirak ediblər.
Tədbirin sonunda Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən bəhs edən “Bakıdan dünyaya” filmi nümayiş olunub.